Qazaxıstan Bakı BDT limanı ilə 1,4 mln ton neft ixrac edəcək
Bu barədə "KazTransOil" şirkətindəki mənbədən bildiriblər
"KazTransOil" (Qazaxıstan neft daşıma şirkəti) Bakı Beynəlxalq Dəniz Ticarət (BDT) limanına 1,4 milyon ton neft göndərməyi planlaşdırır.
Bu barədə Trend-ə "KazTransOil" şirkətindəki mənbədən bildiriblər.
"Bu ilin sonunadək "KazTransOil" şirkəti Aktau limanından Bakı limanı istiqamətində 1,4 milyon ton neft göndərməyi planlaşdırır", - mənbədən deyiblər.
Qeyd edək ki, "KazTransOil" 2023-cü ilin ilk səkkiz ayı ərzində Bakı limanı istiqamətində ixraca yönəldilən Qazaxıstan neftinin həcmini 12 dəfə artırıb. Belə ki, bu ilin yanvar-avqust aylarında Aktau limanından ixrac edilən Qazaxıstan neftinin həcmi 2,164 milyon ton olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 759 min ton və ya 54 faiz çoxdur.
Mənbənin sözlərinə görə, "KazTransOil" nəql olunan neftin ümumi həcmini artıracaq.
"2023-cü ildə "KazTransOil" SC ümumilikdə 41,6 milyon ton neft nəql etməyi planlaşdırır", - deyə o əlavə edib.
Xatırladaq ki, daha əvvəl Azərbaycanın energetika naziri Pərviz Şahbazov 2023-cü ilin sonunadək Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Qazaxıstandan 1,125 milyon ton neftin tədarük olunacağını bildirib.
"Azərbaycan hər ay Qazaxıstan neftini daşıyan 12-14 tanker qəbul edir. Bu, hadisələrin qənaətbəxş inkişafıdır. Tərəflər arasında ilkin razılaşma bu il 1,5 milyon ton neft nəqlini nəzərdə tuturdu. Lakin nəzərə alsaq ki, tədarüklər bu ilin aprel ayında başlayıb, 2023-cü ilin sonunadək 1,125 milyon ton nəql edə bilərik", - o deyib.