XƏBƏRLƏR / Siyasət

Tokayev və Putin strateji tərəfdaşlığı dərinləşdirəcəklər

Rusiya Prezidenti Qazaxıstanda səfərdədir YENİLƏNİB

Tokayev və Putin strateji tərəfdaşlığı dərinləşdirəcəklər
  • Oxuma müddəti:

    5 dəqiqə

  • 07:50

    Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Astanada dövlət səfərində olan Rusiya Prezidenti Vladimir Putin iki ölkə arasında XX Regionlararası Əməkdaşlıq Forumunun videokonfrans rejimində keçirilən plenar iclasında iştirak ediblər.

    Akordanın mətbuat xidməti xəbər verir ki, tədbirdə çıxış edən Kasım-Jomart Tokayev Qazaxıstan üçün mühüm prioritetin xaricdə müasir multimodal mərkəzlər və “quru limanlar” şəbəkəsinin yaradılması olduğunu bildirib.

    “Belə əməkdaşlığın uğurlu nümunələrindən biri Rusiyanın ərazisində Selyatino stansiyasında yeni nəqliyyat-logistika mərkəzinin tikintisi olub. Tranzit dəhlizinin əks ucunda yüklər Çinin Sian şəhərində yeni tikilmiş Qazaxıstan terminalında toplanacaq. Beləliklə, Çin-Qazaxıstan-Rusiya marşrutu üzrə vahid yük tranzit sisteminin əsas dayaq məntəqələri faktiki olaraq yaradılır”, - deyə o qeyd edib.

    Qasım-Jomart Tokayev məlumat verib ki, Qazaxıstan “Lukoyl” şirkəti ilə birlikdə “Kalamkas-Dəniz-Xəzər” böyük dəniz yatağının işlənməsinə başlayıb.

    “Layihəyə qoyulan investisiyanın həcmi 6 milyard dollardan çox olacaq. Bundan əlavə, rusiyalı tərəfdaşlar neft-qaz-kimya layihələrinin həyata keçirilməsində fəal iştirak edirlər. “Sibur” şirkəti ilə birlikdə 2022-ci ildə biz Orta Asiyanın illik gücü 500 min ton olan ən böyük polipropilen istehsalı zavodunu istifadəyə verdik. Bu gün bu müəssisə təkcə Qazaxıstan emalçılarını xammalla təmin etmir, o həm də Rusiya, Çin, Türkiyə və digər ölkələrə məhsul ixrac edir”, - deyə dövlət başçısı bildirib.

    Qazaxıstanın Prezidenti qeyd edib ki, qaz sənayesində də mühüm uğurlar əldə olunub. “İlk dəfə Rusiya qazının Qazaxıstan ərazisindən Özbəkistana tranzitinə başlanılıb. Bununla bağlı “Qazprom”la saziş imzalanıb. Rusiya qazının Qazaxıstana uzunmüddətli tədarükü üzərində iş aparılır”, - deyə o əlavə edib.

    ***

    27 noyabr 2024-cü il

    20:45

    Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Rusiya Prezidenti Vladimir Putin yeni qlobal nizam şəraitində strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında birgə bəyanat imzalayıblar.

    Akordanın mətbuat xidməti xəbər verir ki, sənəd Astanada keçirilən Rusiya-Qazaxıstan danışıqlarının nəticəsi olaraq imzalanıb.

    Danışıqların yekununda hər iki ölkənin nümayəndə heyətləri ümumilikdə 20 sənəd imzalayıblar.

    Rusiya Prezidenti Vladimir Putin hazırda Astanada dövlət səfərindədir və səfər çərçivəsində 28 noyabr tarixində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində iştirak edəcək.

    ***

    19:59

    Rusiya Prezidenti Vladimir Putin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təşəkkür edib. Kremlin mətbuat xidməti xəbər verir.

    “Çox sağ olun, hörmətli Kasım-Jomart Kemeleviç, hörmətli həmkarlar. Mən ilk növbədə belə təntənəli görüşə görə ölkə başçısına təşəkkür etmək istəyirəm. Kasım-Jomart Kemeleviç, biz müntəzəm olaraq görüşürük və iş mühitinə birtəhər öyrəşmişik. Belə təntənəli ab-hava qeyri-adidir. Çox sağ olun. Biz dostuq və işgüzar əlaqələr saxlayırıq və hər şey həqiqətən də ən dinamik, ən yaxşı şəkildə inkişaf edir. Daimi əlaqə saxlayırıq. Mən, həqiqətən, ümid edirəm ki, sizi ilin sonunda, adətimizə uyğun olaraq, MDB çərçivəsində Sankt-Peterburqda Yeni il ərəfəsində qeyri-rəsmi görüşdə görəcəyəm. Və təbii ki, mən sizi Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi ilə bağlı yubiley şənliklərində gözləyirəm. Bu, bizim ümumi qələbəmizdir”, - Putin çərşənbə günü Qazaxıstana dövlət səfəri zamanı deyib.

    O qeyd edib ki, danışıqlar üçün bir sıra sənədlər hazırlanıb.

    “Bunlar birgə bəyanatlar və fəaliyyətimizin müxtəlif sahələri üzrə bütöv bir paketdir. Rusiya ən böyük ticarət və iqtisadi tərəfdaşlardan biri olaraq qalır. Ötən il ticarət dövriyyəsi 28,5 milyard dollar olub. Artır. Qazaxıstan iqtisadiyyatına 13 milyard dollar dəyərində layiqli investisiyalar toplanıb”, - Rusiya Prezidenti bildirib.

    Onun sözlərinə görə, Rusiya humanitar əlaqələrin inkişafını yüksək qiymətləndirir.

    “Bu, vətəndaş cəmiyyətləri, təhsil, elm, mədəniyyət vasitəsilə olur. Təkcə onu demək kifayətdir ki, bizdə Qazaxıstandan ən çox əcnəbi tələbə var. Və təbii ki, regionlararası əməkdaşlıq çox uğurla inkişaf edir. Bu gün Ufada daha bir hadisə baş verir. Rusiya-Qazaxıstan münasibətlərinin inkişafına daim ayırdığınız diqqətə görə sizə təşəkkür etmək istəyirəm. Biz bunu hiss edirik, bizim üçün ən vacib olan bu işə Qazaxıstan Prezidentinin diqqətini hiss edirik. Biz Qazaxıstanı sadiq dostumuz, etibarlı dostumuz və ən yaxın müttəfiqimiz hesab edirik. Təşəkkür edirəm”, - Putin bildirib.

    Qazaxıstan və Rusiya əməkdaşlığı yüksələn xətt üzrə inkişaf edir və müsbət dinamika var.

    Bu fikirləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada dövlət səfərində olan Rusiya lideri Vladimir Putinlə geniş tərkibdə görüşdə bildirib.

    O deyib ki, Rusiya ilə əməkdaşlığa birinci dərəcədə diqqət yetirir.

    "Astana və Moskva arasındakı münasibətlərdə ciddi problemlər yoxdur", - Tokayev qeyd edib.

    Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin bu gün Qazaxıstana səfəri başlayıb.