
16:00
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə cari ildə keçiriləcək “Xəzri-2025” birgə taktiki təliminin planlaşdırma konfransı olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, tədbirdə Qazaxıstan Respublikasının Dəniz Qüvvələri Baş Komandanının birinci müavini - Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi 1-ci dərəcəli kapitan Kanat Niyazbəyov və Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanının birinci müavini - qərargah rəisi 1-ci dərəcəli kapitan Teymur Mürşüdovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.
Görüşün sonunda Xəzər dənizinin Qazaxıstana məxsus ərazi sektorunda keçiriləcək birgə taktiki təlimə aid konfransın yekun protokolu imzalanıb.
Təlimin məqsədi Azərbaycan və Qazaxıstan hərbi dənizçilərinin peşəkarlıqlarının daha da artırılması və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.
***
08:29
Qazaxıstan və Azərbaycanın Hərbi Dəniz Qüvvələri Aktauda "Xəzri-2025" təlimləri keçirəcək.
Qazaxıstan KİV-i xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Qazaxıstanın Hərbi Dəniz Qüvvələri Baş Qərargah rəisinin birinci müavini, 1-ci dərəcəli kapitan Kanat Niyazbəyov və Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi, 1-ci dərəcəli kapitan Teymur Mürşüdov danışıqlar zamanı qarşıdakı təlimlərin detallarını müzakirə edib və razılaşdırıblar. Təlimlər Xəzər dənizinin Qazaxıstana aid hissəsində keçiriləcək. Gəmilər gəldikdən sonra təlim planı və xəritələrdə epizodların çəkilməsinin təfərrüatları dəqiqləşdiriləcək", - məlumatda deyilir.
“Hərbi əməliyyatlar" mərhələsi tapşırıqların hərtərəfli işlənməsini əhatə edir. Təlim bölgəsində gəmilərin yerləşdirilməsi, dəniz keçidində gəmilərin birgə səyahət elementlərinin yerinə yetirilməsi nəzərdə tutulur. Hərbi dənizçilər asimmetrik təhdidləri dəf etmək, fəlakətə uğramış uçuş aparatlarına, gəmilərə yardım məsələlərini həll edəcəklər. Dəniz və hava hədəflərinə qarşı döyüş atışları da aparılacaq.
“Təlimlər ölkələrimizin Hərbi Dəniz Qüvvələri arasında qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılmasına və qarşılıqlı münasibətlərin möhkəmləndirilməsinə yönəlmiş geniş spektrli vəzifələri əhatə edəcək”, - Kanat Niyazbəyov bildirib.
Təlimlərə hərbi dəniz bazasının sahil bölmələrinin və gəmilərinin şəxsi heyəti cəlb olunacaq. Azərbaycandan təlimlərə iki gözətçi gəmisi, köməkçi gəmi və sahil bölmələri göndəriləcək.