Qənirə Paşayevanın son vəziyyəti
Heydər Əliyev Fondu Qənirə Paşayevanı nəzarətə götürüb
Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev millət vəkili Qənirə Paşayevanın vəziyyəti ilə bağlı açıqlama verib.
Baş həkim bildirib ki, Qənirə Paşayevanın vəziyyəti ağırdır: "Qənirə xanımın reanimasiya şöbəsində süni tənəffüs aparatına bağlı müalicəsi davam edir”.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən, millət vəkili Qənirə Paşayevanın müalicəsi Fond tərəfindən nəzarətə götürülüb.
Mərkəzi Klinikanın mətbuat xidmətindən bildirilib ki, Fondun təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətindən yüksək ixtisaslı reanimatoloq həkim dəvət olunub. Həmin mütəxəssis həkim tərəfindən xəstə dəyərləndirilib və lazimi məsləhətlər verilib.
“Hazırda xəstənin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində süni tənəffüs aparatında davam etdirilir və lazımi kompleks reanimasiyon tədbirlər həyata keçirilir. Müalicə zamanı tibbin bütün imkanlarından istifadə olunur. Xəstənin müalicəsi üçün Türkiyə Cümhuriyyətinin ən aparıcı xəstəxanalarından olan həmkarlarımızla daimi əlaqə saxlanılır və konsultasiyalar aparılır,” – deyə məlumatda bildirilir.
Xatırladaq ki, sentyabr ayının 23-ü millət vəkili Paşayeva Qənirə Ələsgər qızı septiki şok vəziyyətində Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.
Qeyd edək ki, Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib.
İş fəaliyyətinə ANS Yayım və Media Şirkətində başlayan Qənirə jurnalist kimi uzun müddət çalışandan sonra ölkənin siyasi proseslərinə qatılaraq, Milli Məclisə üzv olmaq üçün namizədliyini irəli sürüb. Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatıdır. Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.