Qərb Rusiyanın Cənubi Qafqazdakı səhvlərini təkrarlayır
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin şərhi
ABŞ Konqresinin Helsinki Komissiyası “Ermənistanda demokratiyanın dəstəklənməsi və Qərb gələcəyi” mövzusunda dinləmələr keçirib. Başlıqdan da göründüyü kimi, “demokratiya” və “Qərb gələcəyi” kimi əlamətdar ifadələr işlədilib.
Bu dinləmələr Qərbin Ermənistanı dəstəkləmək mövzusuna yanaşmasının bir nümunəsidir ki, burada ermənilərin bütün tezisləri, Azərbaycana qarşı yalan və böhtanlar beynəlxalq hüquqa və regiondakı reallığına məhəl qoymadan istifadə olunub.
Ermənistan adından aşağıdakılar çıxış ediblər:
- Səfir Daniel Baer - erməni diasporu ilə əməkdaşlıq edən təqaüdçü amerikalı diplomat, hazırda Karnegi Mərkəzində işləyir;
- Olesya Vartanyan - Beynəlxalq Məşvərət Qrupundan ayrılandan sonra Ermənistan hökuməti tərəfindən xarici forumlarda çıxış etmək və Azərbaycan əleyhinə layihələr həyata keçirmək üçün seçilib;
- Tiqran Qriqoryan - Qarabağ əsilli Ermənistan eksperti, ölkənin Təhlükəsizlik Şurası Katibliyinin keçmiş əməkdaşı, hazırda Armen Qriqoryanın əsas tezislərinin carçısı.
Bu mənzərə bizə Osmanlılara və türk dövlətlərinə qarşı müharibədə dəstək qazanmaq, “qədim xristianları” müsəlmanlardan xilas etmək üçün məktub və yalvarışlarla ilk dəfə Qərb paytaxtlarını dolaşan erməni elçiləri xatırladır. Qərbdə dolaşan erməni elçiləri o zaman Rusiyada özlərinə arxa-dayaq tapdılar.
ABŞ Konqresində müasir erməni elçilərinin çıxışında Paşinyanın bütün məlum tezisləri səsləndi, İrəvanda hazırlanmış mətnlər oxundu. Burada Ermənistanın Rusiyanı tərk etməsi üçün daha böyük dəstək tələbləri, Ermənistana və Qarabağdakı separatçılara qarşı hərəkətlərinə görə Azərbaycanın cəzalandırılması, digər bir sıra yalan rəvayətlər və yalvarışlar öz əksini tapdı. İrəvan Qərbdən xahiş edib ki, KTMT, Aİİ üzvlüyünü və Rusiya hərbi bazasının mövcudluğunu başa düşürək onları bağışlasınlar. Konqres başa düşdü, bağışladı və Ermənistana kömək edəcəyinə söz verdi.
Axı belə vəziyyətdə Ermənistana necə kömək etməmək olar?! Axı Paşinyan “təzyiq altında” BRİKS sammitinə gedir, Rusiya ilə ticarət dövriyyəsini artırmağa “məcbur qalır”, “silah gücü” ilə MDB və Aİİ sammitlərinə qatılır, “şantaj” altında Rusiyanın Ermənistandakı hərbi bazasını, Rusiya sərhədçilərini İran və Türkiyə ilə sərhəddə saxlayır.
Qərbin Ermənistanla bağlı siyasəti olduğu kimi davam edəcək, çünki İrəvana dair artıq qərar qəbul edilib, sənədlər imzalanıb (aprelin 5-də Brüsseldə). Azərbaycan mətbuatının o zamanlar yazdıqları, amerikalıların və avropalıların rədd etdikləri bütün məsələlər artıq həyata keçirilir.
Amerikalılar USAİD vasitəsilə yardımı ikiqat artırır, hərbi təlimlər keçirir və hərbi müşavirlərini Ermənistanda saxlayır, Aİ sülh fondu vasitəsilə silah təmin edir, Aİ missiyasını gücləndirir, Fransa Ermənistanın büdcə kəsirini birbaşa maliyyələşdirir.
Yəni Ermənistanın hərbi xərclərini ABŞ və Aİ maliyyələşdirir!!!
Eyni zamanda yüzlərlə yaşayış məntəqəsinin xarabalığa çevrildiyi, ermənilərin yerləşdirdiyi bir milyon yarım minanın olduğu Azərbaycana mikroskopik yardımlar edilir.
Biz bütün bunları artıq görmüşük...
25 il ərzində bu rolu Ermənistanı hər cəhətdən təmin etməyə çalışan Rusiya oynayıb, Ermənistanın Azərbaycan ərazilərini işğalını davam etdirməsi üçün İrəvana lazım olan bütün resursları onun ixtiyarına verib. Hətta 2016-cı ildə İskəndərlər də verilib.
Bəs Rusiya üçün nəticə nə oldu?!
Qərbin Ermənistana sülh müqaviləsi olmadan və antiazərbaycan kontekstində verdiyi dəstək erməni dövlətçiliyinin, qondarma üçüncü respublikanın təməllərində dayanan təcavüzkar siyasətə dəstəkdir. Azərbaycan birtərəfli yanaşmaları qəbul etmir və “yerdə” hərəkətləri ilə, Ermənistanı regional layihələrdən əngəlləməkdə davam edərək, Ermənistanı Konstitusiyanı dəyişməyə məcbur etməklə geosiyasi xətlərin formalaşmasına mane olacaq.
Ermənistanın Qərb tərəfindən hərbiləşdirilməsi danışıqlar prosesinə mənfi təsir göstərir, çünki bu, İrəvanın aqressivliyini təşviq edir və regionun problemlərinin həllinə töhfə vermir, əksinə, mövqelərin sərtləşməsinə gətirib çıxarır.