BLOQ

Qərb vasitəçiliyinin səhvləri

Azərbaycan yaxşı anlayır ki, Qərb nizamlanma prosesinə Ermənistana yardım etmək üçün qoşulub

Qərb vasitəçiliyinin səhvləri
  • Oxuma müddəti:

    5 dəqiqə

  • Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) şərhi

    Azərbaycanla (AR) Ermənistan (ER) arasında davam edən sülh prosesi Ermənistanın mütəmadi təxribatları, diplomatik cəbhədə isə Qərb vasitəçiliyinin yanlışlıqları və bu yanlışlıqlardan Rusiyanın istifadə etməsi ucbatından ciddi təhlükə altındadır. Natamamlıq və qeyri-müəyyənlik, eləcə də birtərəfli yanaşma - bunlar ABŞ və Aİ-nin Bakı ilə İrəvan arasındakı vasitəçiliyinin xüsusiyyətləri və başlıca səhvləridir.

     

    Natamamlıq və qeyri-müəyyənlik

    - ABŞ və Aİ nizamlanma prosesindəki bir çox məqamlarla bağlı aydın mövqe sərgiləmir. Bu zaman tərəflərdən biri bu boşluqdan istifadə edir. Hazırda həmin tərəf məhz ER və onun havadarlarıdır. Bugünkü durğunluq fonunda sülh prosesinin Qarabağlaşdırılması gedir. Halbuki Azərbaycanla Ermənistan arasında dövlətlərarası prosesin Bakı ilə Qarabağ erməniləri arasındakı Azərbaycandaxili dialoqla əlaqələndirilməsi yanlışdır.  

    - Qərb liderləri bölgədəki erməni sakinlərin hüquq və təhlükəsizliyi barədə tez-tez danışır, lakin hüquq və təhlükəsizliyin hansı ölkənin qanunları çərçivəsində təmin olunmasına dair susurlar. Rusiya XİN artıq ərazidə yaşayan ermənilərə hüquq və təhlükəsizlik təminatlarının Azərbaycanın ərazi bütövlüyü çərçivəsində verilməli olduğunu desə də, Aİ və ABŞ münasibətlərini dəqiqləşdirmir.

     

    Məntiqsizlik və qeyri-ardıcıllıq

    - ABŞ diplomatları Şuşaya səfərlərdən boyun qaçırır, bununla da faktiki olaraq, AR-in ərazi bütövlüyünə hörmətsizlik edirlər. Paşinyanın Qarabağ daxil ölkəmizin ərazi bütövlüyünü tanımasından sonra onun bu bəyanatının Qərbdən lazımi dəstək almaması baş naziri Rusiya və ermənilərin Qarabağ klanının asan hədəfinə çevirdi, sonuncuların bölgədə aktivləşməsi yolu ilə Rusiyanın sülh prosesini əngəlləməsinə şərait yaratdı.

    - “Dağlıq Qarabağ” adlı ərazi vahidinin artıq mövcud olmadığı halda, ABŞ və Aİ tərəfi öz bəyanatlarında bu ifadədən istifadədə israr edir və artıq köhnəlmiş narrativi aktual saxlamaq cəhdilə AR-in bu bölgəsinin gələcəkdə xüsusi statusa malik olacağına dair ermənilərə yersiz ümidlər verirlər.  

    - Laçın yolunun istifadəsi AR-in daxili işi olduğu halda, ABŞ və Aİ rəsmiləri hər fürsətdə bu məsələyə qarışırlar. Əgər onları Qarabağdakı ermənilərin humanitar vəziyyəti maraqlandırırsa, o zaman hansı yoldan istifadənin fərqi olmamalıdır. Ağdam yolundan istifadədən imtina isə Qərbin Laçın yolunun eksterritorial statusa malik olması istəyilə bağlıdır. Bir tərəfdən qürurla bəyan edilir ki, məhz Qərbin vasitəçiliyində ərazi bütövlüyü prinsipi əsas götürülüb. Digər tərəfdən Laçın yolunda AR-in sərhəd və gömrük qanunvericiliyinin tətbiqini qəbul etməkdən imtina olunur. 

     

    Birtərəfli yanaşma

    - ABŞ və Aİ bəyan edir ki, Azərbaycanın Ermənistana qarşı ərazi iddiası olmamalıdır. Halbuki, məhz Ermənistanın qanunvericiliyində Azərbaycana qarşı ərazi iddiası var və Paşinyan da bunu etiraf edib. Üstəlik, vaxtilə AR ərazilərinin işğalı faktı Qərbə Ermənistanla, özü də ən avtoritar və rusiyayönlü liderlərlə əməkdaşlığı, onlara yardım etməyə mane olmayıb.

    - Qərb üçün Qarabağ ermənilərinin Azərbaycandan mümkün köçü qəbuledilməzdir. Bəs azərbaycanlıların Ermənistandan və Qarabağdan qovulması necə?! Bu məsələ dilə gətirilirmi?

    - Ermənistan Qarabağdakı müvəkkillərini, hərbi qüvvələrini maliyyələşdirir və bu, Qərb üçün normaldır. Elə isə ER ərazisində də AR Silahlı Qüvvələri olması normal qarşılanmalıdır. Əks halda, elə düşünülür ki, Qərb ərazi bütövlüyü prinsipini ancaq ER-nı qorumaq üçün aktuallaşdırır. 

     

    Nəticə  

    Qərb ölkələrinin mövqeyindəki bu və digər mənfi məqamlar onların vasitəçiliyinin səmərəliliyinə xələl gətirir. Azərbaycan yaxşı anlayır ki, Qərb nizamlanma prosesinə Ermənistana yardım etmək üçün qoşulub. Amma bu yardım Azərbaycanın hesabına edilə bilməz. Qərb üçün sülh müqaviləsi danışıqların əsas prioritetidir, Rusiya isə qeyri-müəyyən dövrdən sonra imzalanmasını təklif edir. ABŞ və Aİ-nin göstərilən səhvləri ucbatından Rusiya yerdə resurları vasitəsilə sülh müqaviləsinin tez imzalanmasını əngəlləyir. Azərbaycan isə təkbaşına bu maneələrin aradan qaldırılması istiqamətində hərbi-diplomatik addımlarını atmaqdadır.

    @cssc_cqtm