Qlobal sistemin böhranı: Kompromisdən qarşıdurmaya keçid
Müasir qlobal təhlükəsizlik və idarəetmə sistemi İkinci Dünya müharibəsindən sonra formalaşıb. Bu sistemin əsasında Birləşmiş Millətlər Təşkilatı (BMT), xüsusilə də onun Təhlükəsizlik Şurası (TŞ) dayanıb. Beş daimi üzvün (ABŞ, SSRİ/Rusiya, Çin, Britaniya, Fransa) həlledici rol oynadığı Şura bir növ qlobal təhlükəsizlik çətiri rolunu oynayıb. Belə ki, beynəlxalq sülhün və təhlükəsizliyin qorunması məhz ona həvalə edilib.
Qlobal siyasi sistemə paralel olaraq, ümumdünya maliyyə-iqtisadi sistemi də yenidən qurulub. Bretton-Vud razılaşmaları ilə qızıl standartına əsaslanan əvvəlki beynəlxalq maliyyə və ticarət hesablaşmaları ABŞ dollarına əsaslanan bugünki sistemlə əvəzlənib. Məhz bu razılaşmaların nəticəsi olaraq Dünya Bankı və Beynəlxalq Valyuta Fondu kimi qlobal maliyyə institutları meydana çıxıb.
Regional səviyyədə bir-birinə əks olan iki hərbi ittifaq - Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) və Varşava Müqaviləsi Təşkilatı formalaşsa da, onların arasında konsensus bərqərar olub. Regional miqyasda siyasi mübahisələri həll etmək üçün isə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) qurulub.
Ötən əsrin 90-cı illərində Sovet İttifaqının dağılmasından sonra Qərbmərkəzli dünya idarəetmə sistemi dominant mövqeyə yiyələndi. Əvvəllər Varşava blokunun üzvü olan Şərqi Avropa dövlətləri, eləcə də SSRİ-nin tərkibindəki Baltikyanı ölkələr NATO düşərgəsinə qoşuldu. Digər postsovet ölkələri, o cümlədən də Mərkəzi Asiya respublikaları isə ATƏT-ə qatıldı.
Bu sistem yalnız yeni minilliyin ikinci onilliyinədək davam gətirməyi bacardı. Qeyd olunan dövrədək ara-sıra siyasi münaqişələr və iqtisadi təlatümlər baş versə də, problemlər mövcud təhlükəsizlik sistemi daxilində öz həllini tapırdı. Lakin 21-ci əsrin ikinci onilliyində Rusiyanın toparlanması və Çinin yüksəlişi onların öz iddialarını ortaya qoyması ilə nəticələndi.
Qlobal təhlükəsizlik və idarəetmə sistemindəki ilk böyük çat Suriya münaqişəsi fonunda yarandı. Bu ölkədə hakimiyyət dəyişikliyinə nail olmaq istəyən Qərb uğursuzluğa düçar oldu. Ukraynadakı qarşıdurma isə yaranmış çatı daha da dərinləşdirərək beynəlxalq sistemin sonrakı fəailiyyətini mümkünsüz etdi. Qərbin bu ölkədəki uğurunun qarşısını dinc vasitələrlə ala bilməyən Rusiya yeganə çıxış yolu kimi müharibəni seçdi.
Məhz Ukrayna müharibəsi müasir ümumdünya təhlükəsizlik və idarəetmə sistemini iflic vəziyyətinə saldı. Bu sistemin əsasını təşkil edən BMT TŞ-da hər zaman mövcud olmuş rəqabət artıq əsl düşmənçiliklə əvəzləndi.
Beləliklə də, Suriya və Ukrayna müharibələri İkinci Dünya müharibəsindən sonra formalaşan qlobal və regional təhlükəsizlik sisteminin çöküşünə gətirib çıxardı. Dünya miqyasında BMT, regional səviyyədə isə ATƏT öz funksiyasını itirdi.
Məhz bu səbəbdən hazırda BMT və onun TŞ-da islahatların aparılmasının vacibliyi gündəmə gətirilir. ATƏT-lə bağlı isə fərqli təşəbbüslərin şahidiyik. ABŞ öz dominantlığı ilə ATƏT-i qorumaq istədiyi halda, Avropada ABŞ-sız və Rusiyasız Avropa Siyasi Birliyi formatına üstünlük verilir. Avropa İttifaqı sadəcə iqtisadi güclə yanaşı daha müstəqil geosiyasi və hərbi güc kimi çıxış etmək niyyətindədir. Hər iki təşəbbüsün aqibəti Ukrayna müharibəsinin nəticəsinə bağlıdır.
Bu müharibəyə görə Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Kremllə əməkdaşlıq edən bir sıra ölkələr üçün ümumdünya ticarət və hesablaşmalar sistemini qeyri-işlək hala gətirib. Odur ki, hazırda qlobal maliyyə idarəetmə sistemində də beynəlxalq valyuta kimi dollara əvəz axtarılır, yerli valyutalara əsaslanan alternativ hesablaşma mexanizminin yaradılmasına cəhd edilir.
Bir sözlə, hazırda dünya olduqca mürəkkəb və qeyri-müəyyən tarixi zaman kəsiyindən keçir. Mövcud qlobal idarəetmə sistemi artıq işləmir, yeni sistem isə hələ formalaşmayıb. Fərqli qlobal və regional təşəbbüslər irəli sürülür ki, bunların hansının daha dayanıqlı olması gələcək proseslərdən asılıdır.