Qriplə allergiyanın fərqi
Yaz aylarının gəlişi ilə allergiyadan əziyyət çəkənlərin narahatlığı başlayır
Çox vaxt allergiya burun axması, çoxlu asqırma və göz qaşınması kimi əlamətlərlə müşahidə edildliyinə görə qripə bənzəyir. Yaz fəslinin gəlişi ilə mövsümü allergiya da baş qaldırır.
Allergiya fərqli xüsusiyyətə malikdir. Məsələn, qida allergiyası zamanı buna səbəb olan qida məhsulu rasiondan çıxarılandan sonra şikayətlər aradan qalxır. Ağacların çiçəkləməsi, təbiətdə gedən tozlanma prosesinə qarşı allergiyası olanların işi daha çətin olur. Lakin bəzən allergiya ilə qripi dəyişik salanlar da olur.
Mütəxəssislərin fikrincə, qrip xəstəliyi zamanı bədən ağrıları daha ön planda olduğu halda, allergiyada belə olmur. Allergiyada qriplə müqayisədə asqırmalar daha tez-tez olur. Allergiya ilə əlaqədar xəstəliklərdə qızdırma halları da o qədər müşahidə edilmir. Bədəndə ağrıların və qızdırma hallarının ön planda olması daha çox virus mənşəli, yaxud digər respirator xəstəliklə əlaqədardır.
Həkimlərin dediyinə görə, allergiyanın tam müalicəsi yoxdur. Başqa bir hal xəstəliyin bəzən uzun müddət davam etməsidir, mütəxəssislərin fikrincə, buna səbəb allergiyaya meylli olanların özləri istəməsə də, onu yaradan səbəblərlə daim təmasda olmasıdır.
Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatının bununla bağlı xəbərdarlığı da narahatedicidir. Təşkilat əsrimizin allergik xəstəliklər əsri olacağı barədə xəbərdarlıq edir. Proqnozlara görə, hazırda planetin hər beş sakinindən biri allergiya problem ilə üzləşir. Dünya üzrə son 20 ildə allergiyadan əziyyət çəkənlərin sayı üç-dörd dəfə artıb. Təəssüf ki, əksər hallarda allergiyanın ağır formasına rast gəlinir.