BLOQ

Qəhrəman şəhər

Olmalı idi, olmadı...

Qəhrəman şəhər
  • Oxuma müddəti:

    3 dəqiqə

  • II Dünya müharibəsində sovetlər faşizm üzərində qələbəyə görə Azərbaycana xüsusilə minnətdar olmalı idilər. Olmadılar.

    QƏHRƏMAN ŞƏHƏR

    Tələbə ikən ərəb dili mütərcimi kimi Ədənə ezam edilmişdim. Sovetlərin böyük bir tikinti layihəsində çalışırdım.

    Mayın ilk günü idi. Çalışıdığım ofisdə dedilər, iş yerimizi tərk etməyək, Yəməndə rəsmi səfərdə olan Y.Tyajelnikov gəlib bizimlə görüşəcək.

    Sovet komsomolu MK-nin keçmiş 1-ci katibi olmuşdu. Kommunist partiyası MK-nin şöbə müdiri vəzifəsinə yenicə təyin edilmişidi. Gəldi, kollektivi ümumi salamlayandan sonra onu müşayiət edənlərdən aralanıb mənə yaxınlaşdı.

    Təbəssümlə düşünürəm, bu qədər adamın içində, görəsən, niyə elə mənə tərəf gəlməlidir. Hə, yəqin fərqli görkəmdə olduğuma görə: o zaman üçün ən yeni dəbdə dar, sarı şalvar geyinmişəm, saçlarım da xeyli uzun. Hal-əhval tutub kimliyimlə maraqlanır.

    Özümü təqdim edirəm. Kefi kökdür. Deyir, "недавно в Азербайджане отпраздновали 28 апреля, а ты как, отметил праздник вдали от родных?". Mən də zarafata salıb yalandan "отметили, конечно, да ещё как..." deyirəm. Şaqqanaq çəkib gülür, bilirəm, söylədiyimi yeyib-içmək məclisi kimi yozur. Sonra ciddi görkəm alıb “руководство рассматривает вопрос о присвоении Баку звания «города героя» за вклад в Великую Отечественную” deyir. Təşəkkür edirəm.

    Təkid edir Moskvada olanda mütləq ona baş çəkim. Söz verirəm.

    Bakı neftinin hesabına təmin edilmiş qələbəyə görə paytaxtımızın "qəhrəman şəhər" adına layiq görülməsini sovet rəhbərliyi, çox güman Heydər Əliyevin təşəbbüsü ilə o vaxt müzakirə etsə də, müvafiq qərar çıxarmaqdan imtina edir.

    Rus şovinizmini ideologiya seçmiş Kremlin Azərbaycanlılara qələbədə pay tanımaq istəmədiyinə dair bir nümunəni də, yeri gəlmişkən, qeyd edərdim: 1943-cü ildə, müharibənin şıdırğı vaxtında Bakı kinostudiyasında çəkilmiş "BİR AİLƏ" filmi.

    Film çəkiləndən dərhal sonra nümayişi qadağan edildi. Mir Cəlal, Lev Vaysenberq və İosif Prut-un ssenarisi əsasında çəkilmiş filmin ekranlara buraxılmamasının əsas səbəbi faşistlərə qarşı həm ön cəbhədə döyüşən, həm də arxa cəbhədə Bakı neftinin gecə-gündüz minbir əziyyətlə çıxarılmasını və daşınmasını təmin edən Azərbaycanlıların fədakarlıqlarının qabarıq göstərilməsi idi.

    Müharibə filmlərinin qəhrəmanları isə o zaman sovet senzurasına görə əsasən ruslar olmalı idilər.

    ...Tyajelnikovun mənə verdiyi müjdə boş çıxdı.

    Mən də Tyajelnikova verdiyim sözün üstündə durmadım. O yüksək vəzifə tutan zaman Moskvada dəfələrlə oldumsa da, görüşünə getmədim.

    Deyəsən, elə o zamandan məndə karyera perspektivləri və imkanlarını şuurlu şəkildə əldən vermək vərdişi yarandı.