BLOQ

Ramazan ayı başladı

Bu il Ramazan ayının 1-i miladi təqvimlə mart ayının 11-nə təsadüf edir

Ramazan ayı başladı
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Bu gün müsəlmanların mübarək Ramazan ayı başlayır.

    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının fərtvasına görə, bu il Ramazan ayının 1-i miladi təqvimlə mart ayının 11-nə təsadüf edir.

    Ramazanın gəlişi xalqımız üçün bu il də çox əlamətdardır. Çünki bu mübarək ayı Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfərin sevinci ilə yanaşı, separatçı rejimin süqutu - müqəddəs Bayrağımızın Xankəndidə dalğalanması qüruru ilə qarşılayırıq. Müstəqillik tariximizdə ilk dəfə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərində qalib Xalq - qalib Lider seçiminin qələbə sevinci bu Ramazanda xeyir-dualarla yad ediləcək.

    Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi mübarək Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib. Bu təqvim İdarənin internet saytında (www.qafqazislam.com) yerləşdirilib. Digər mənbələrdən daxil olmuş, təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlarımız tərəfindən istifadəsi qeyri-məqbuldur. Bütün kütləvi informasiya vasitələrinin məhz QMİ-nin təqviminə istinad etmələri tövsiyə olunur.

    İslamın təməl prinsiplərindən olan oruc ibadəti insanı təkəbbür və şöhrətpərəstlikdən uzaqlaşdıran, insanlar arasında birliyi, qardaşlığı, haqqı və ədaləti bərqərar edən, bəşər övladını iman və təqvaya yaxınlaşdıran ibadətdir. Oruc ibadəti insanın haramlardan qorunması üçün bir imtahandır, Allahın insana bəxş etdiyi iradəni gücləndirən, səbri və dəyanəti bütünləşdirən, arzu, ehtiras və nəfsin önünə qalxan kimi sədd çəkən vasitədir. QMİ-nin Qazılar Şurasının fətvasında bildirilir ki, Ramazanda Quran oxumaq, elm-irfan və ibadətlə məşğul olmaq, iftar süfrələri açmaq, xeyriyyəçilik etmək, ehtiyaclı şəxslərə, kimsəsizlərə, uşaq evlərinə, ahıl və qocalara köməklik göstərmək, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək İlahi məqamda bəyənilən əməllərdəndir və savabdır. Tövsiyə edilir ki, duaların qəbul olunduğu bu mübarək günlərdə torpaqlarımız, Vətənimiz uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, şəhid və qazi ailələrinə qayğı və diqqət göstərilsin. Qazılar Şurası din xadimlərimizin və yerlərdəki imamlarımızın nəzərinə çatdırır ki, Ramazanın vacibatları, qayda və qadağaları, müstəhəb əməlləri barədə dindarlara ətraflı şəkildə məlumatlar və şərhlər verilsin. Fətvada xüsusi olaraq din xadimlərimizə bir daha xatırladılır ki, iftardan öncə məclislərdə ehsan verilməsi qəti qadağandır, çünki Allahın hökmü, Peyğəmbərin əmri ilə ehsan adı ilə iftardan əvvəl süfrə açılması şəri baxımdan haram əməldir.

    Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Eydül-Fitr – Ramazan bayramının tarixi barədə əlavə məlumat verəcək