BLOQ

Ramazan da bitdi, İranla İsrailin səbri də...

Tehran Vaşinqtonla Yaxın Şərqdəki İsrail maraqlarını alver mövzusuna çevirmək istəyəcək

Ramazan da bitdi, İranla İsrailin səbri də...
  • Oxuma müddəti:

    3 dəqiqə

  • İran da, İsrail də son addımlarını qədim tarixlə, keçmiş qanlı olaylarla qafiyələndirmək, səsləndirmək istəyirlər.

    Nədir bu uzaqmənzilli tarixi paralellər? İşarələr?

    Aprelin 18-də İran XİN rəhbəri cənab Abdullahian Nyu Yorka səfər edəcək. BMT Təhlükəsizlik Şurasının Fələstin böhranına həsr edilmiş iclasına qatılacaq. Aprelin 18-i ABŞ təqvimində qara rənglə ştrixlənib. 1983-cü ildə Livan şiələri, “Hizbullah”çılar Beyrutdakı ABŞ hərbi piyadlarının hərbi qərargahına kamikadze hücumu təşkil etmişdilər. Nəticədə 300 yaxın dəniz piyadası həlak olmuş, xeylisi yaralanmışdı. İkinci Dünya savaşındakı İvadzura döyüşlərindən sonra ABŞ dəniz piyadaları heç vaxt bu qədər canlı qüvvə itirməmişdilər.

    Həmin gün ABŞ-ın bütün hərbi bazalarında, xüsusən “dəniz pişikləri” adlanan xüsusi təyinatlıların hərbi qərargahında milli bayraq bir pillə aşağı endirilir. Yalqız şeypur səsi elan edilmiş bir anlıq sükutu pozur.

    Mənzərə bizə ABŞ filmlərindən çox tanışdır.

    Abdullahianın səfəri məhz belə bir gündə baş tutacaq. Səfərini yasaqlamayacaqlar. Əvvəla, o, hələ yanvar ayında BMT-də olub. İkincisi... İkincisi, Abdullahian Omanda ABŞ-la gizli danışıqlara start verib. Bu kölgələr teatrının Nyu Yorkda davamı istisna deyil. 

    Tehran Vaşinqtonla Yaxın Şərqdəki İsrail maraqlarını alver mövzusuna çevirmək istəyəcək.

    İsrail də təqvimə, tarixi xronikaya uyğun şəkildə hərəkət edib. Yəni oyun şərtlərinə sadiq qalıb. Aprelin 1-də, Ümumdünya Zarafat günü Dəməşqdəki İran komanda məntəqəsini yerlə bir edib. Həlak olmuş 8 yüksək rütbəli İran zabiti, o cümlədən general Zahidi sahədəki, bölgədəki nəhəng İran agentura şəbəkəsini idarə edirdi. Sıradan çıxmaları nəticəsində bu nəhəng agentura şəbəkəsinin rabitəsi pozuldu.
    Adətən yüksək rütbəli şəbəkə rəhbərləri məhz bu səbəbdən -i darəetməni pozmaqdan ötrü aradan götürülür. Özü də əsas zərbədən öncə baş tutur adətən bu cür ləğvetmə əməliyyatları.

    İsrail Ümumdünya Zarafat günündə mesaj göndərib Tehrana - “bu, hələ Zarafatdır. Qəzəbimizi az sonra hiss edəcəksiniz”.

    İranın Dəməşqdəki havadan qoruma sistemi Beyrutdakı, Tehrandakı ilə eynidir təxminən. İsrail Dəməşqdəki bu zərbəsi ilə həmin havadan müdafiə sistemini aşsüzənə çevirdi. Tehrana aydın mesaj göndərdi ki, zərbələr Tehranda da təkrarlana bilər. Tel-Əviv bildirdi: Sizin “Bavər-373”, “Hordad”, “Təlaş”, “Mersad-16” sistemləriniz bizim F-22, F-35 təyyarələrimizi amansız, cavabısız zərbələri qarşısında əlacsızdır. Zəifdir. Növbəti görüşümüz Tehranı zülmətə qərq edə bilər. Özünüzə gəlin. Şam yandırıb, orta əsrlərə qayıdacaqsınız əks halda. Füzulinin “Şəbi-hicran” şeirini qaranlıqda tərkrarlayacaqsınız hər biriniz. Ümüd edirik, Tehran ağlını yığacaq başına. Füzuli dövrünə qayıtmayacaq.

    Biz isə qayıdaq diplomatik mövzuya.

    Abdullahianın 18 aprel ABŞ səfəri burnunun ucundadır. Bu tarixə qədər İran İsrailə cavab verməyəcək.
    İsrail isə Abdullahianın bu səfərinə qədər İrana sürprizlər sərgiləyə bilər.

    Hadisələri izləyək.