BLOQ

Rəsulzadə - 140

İlham Əliyevin Sərəncamı bir Dövlət Adamına Dövlət adından, Dövlət başçısı tərəfindən verilən yüksək dəyərin nümayişidir

Rəsulzadə - 140
M.Ə.Rəsulzadə
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Azərbaycan Dövlətçiliyinin tarixində möhtəşəm hadisələrlə zəngin 2023-cü ilin son günləri bu dövlətçiliyin qurucusu ilə bağlı çox mühüm və sevindirici bir xəbərlə başa çatdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Cümhuriyyəti Milli Şurasının sədri, ilk dövlət başçısı, İstiqlal məfkurəsi və Azərbaycançılıq ideologiyasının banisi, görkəmli ictimai-siyasi xadim, jurnalist, publisist, yazıçı və alim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinin dövlət səviyyəsində keçirilməsi haqqında sərəncam imzaladı.

    Bu sərəncam sıradan bir sənəd olmayıb Azərbaycanda dövlətçilik və varislik ənənələrinin ən yüksək səviyyədə qorunduğu və dəyərləndiyinin bariz nümunəsidir. Sərəncamın yerinə yetirilməsinin üç mühüm dövlət strukturuna - Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Milli Elmlər Akademiyasına həvalə edilməsi yubiley tədbirlərinin ən yüksək - dövlət səviyyəsində keçiriləcəyinin təminatıdır. Bir Dövlət Adamına Dövlət adından, Dövlət başçısı tərəfindən verilən yüksək dəyərin nümayişidir.

    Azərbaycan cəmiyyətinin gözlədiyi bu Dəyər və Sənədə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə "Rəsulzadə ev-muzeyi İctimai Qrupu" adından dərin minnətdarlığımızı bildiririk.

    İctimai Qrupumuz yaranandan bəri Rəsulzadə və onun cümhuriyyətçi həmməsləkləri qarşısında Dövləti olan Xalq və Millət kimi borcumuzu qaytarmaq, Məhəmməd Əmin bəyin adını əbədiləşdirmək, zəngin yazılı irsini yeni müstəvidə, beynəlxalq səviyyədə, sistemli şəkildə araşdırmaq kimi vəzifələr qoyulmuşdur. Prezidentin bu Sərəncamı İctimai Qrupumuzun 101 nəfərlik təsisçi özəyində - tanınmış ziyalılar, elm, sənət və mədəniyyət xadimləri, media, diaspor və gənclər təşkilatlarının rəhbərləri, eləcə də minlərlə tərəfdarımızda həmin vəzifələrin yerinə yetiriləcəyinə əminlik yaradır.

    Ümidlərin Əminliyə çevrilməsi böyük sevinc, qürur, rahatlıq və ruh verici hadisədir.

    Rəsulzadənin yubileyi ilə bağlı istəklərimizi bölüşdüyümüz, məsləhətləşdiyimiz hər kəsə, bizləri qəbul edən, müraciətlərimizi dinləyən, diqqət göstərən Azərbaycan insanlarına təşəkkür etməklə yanaşı, inanırıq ki, Prezidentin Sərəncamını yerinə yetirəcək dövlət qurumları, məmurlar, elmi müəssisələr bu işə sözün əsl mənasında məsuliyyətlə yanaşacaqlar. İlk növbədə onun adının və xatirəsinin əbədiləşdirilməsi sahəsində real addımlar atılacaqdır. Əminik ki, yubiley tədbirləri səmərəliliyi və səmimiliyi ilə yadda qalacaqdır.

    Xalqımızı, Cəmiyyətimizi, Rəsulzadə sevərləri, "İctimai qrup"umuzun Azərbaycanda və xarici məmləkətlərdə olan bütün üzvlərini bu xoş xəbər münasibətilə təbrik edirik!

    "Rəsulzadə ev-muzeyi" İctimai Qrupu və "Rəsulzadə-140" yubiley Təşkilat Komitəsi adından:
    Solmaz Rüstəmova-Tohidi
    Nailə Vəlixanlı
    Hamlet İsaxanlı
    Qulu Məhərrəmli
    Vahid Mustafayev
    Firdovsiyə Əhmədova
    Nigar Gözəlova
    Fərhad Cabbarov
    İradə Bağırova
    Rafael Gülməmmədli
    Dilqəm Əhməd
    Şəhla Kazımova və başqaları.