BLOQ

Rəsulzadə-142 - Təklif verdik, rüşvət deyil deyə almadılar

(Azərbaycan reallığı və virtuallığı haqqında kiçik, amma çox ciddi şikayət)

Rəsulzadə-142 - Təklif verdik, rüşvət deyil deyə almadılar
Rəsulzadənin virtual LÖVHƏsi (müəllif: Vahid Mustafayev)
  • Oxuma müddəti:

    4 dəqiqə

  • Bu gün Azərbaycan Cümhuriyyətinin qurucusu, “Azərbaycançılıq” ideologiyasının müəllifi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 142-ci ildönümüdür. Tarix üçün bu rəqəm balaca deyil. Amma Azərbaycan məmuriyyəti üçün görünür kifayət qədər xırda müddətdir — çünki 142 il keçməsinə baxmayaraq, Rəsulzadənin Vətənində hələ də bir dənə də olsun real ev-muzeyi yoxdur.

    İllərdir tanınmış Azərbaycan tarixçisi, professor Solmaz xanım Tohidi-Rüstəmova tərəfindən yaradılmış “Rəsulzadə ev-muzeyi ictimai qrupu” döymədiyi qapı qoymayıb. Amma görünür, problem qapılarda deyil — problem qapıların çərçivəsindədir. Bu çərçivə illər boyu elə daralıb ki, oradan nəinki ev-muzeyi, heç üzərinə vurulası barelyef də keçmir. Yəni, ölkəni yaradan adamın adı var, xatirəsi var, evi var — amma o evdə muzeyi yoxdur. Bu, artıq tarix yox, bürokratik folklordur.

    Amma xoşbəxtlikdən XXI əsrdə Azərbaycanda çərçivələr daraldıqca dünyada nəinki onlar, hətta bir çox qapılar da açılır. Bu bütün darçərçivəli millətlərə geniş üstünlüklər yaradır və biz də bundan yararlanırıq.

    Beləliklə, “Rəsulzadə ev-muzeyi ictimai qrupu”nun mübarizəsinin davamı olaraq, qrupun fəal üzvü Nigar xanım Gözəlovanın ideyasını reallaşdıraraq, ANS Şirkətlər Qrupu və onun tərkibində fəaliyyət göstərən “Balans” Milli Rəqəmsal Bərpa Studiyası Məhəmməd Əmin Rəsulzadənin Virtual Ev-Muzeyini yaratdı. Bu nədir? Bu reallıqda mövcud olmayan, amma internet genişliyində yaradılan layihədir. İndi artıq bütün dünya bu muzeyi www.rasulzademuzeyi.org ünvanında, tamamilə təmənnasız ziyarət edə bilər.

    Virtual Ev-Muzeyi Rəsulzadənin uşaqlıq illərini, jurnalistika, Hümmət, Müsavat partiyalarında, ADR parlamentindəki fəaliyyətini, dövlət tərəfindən ona verilmiş üçotaqlı mənzili, tərcümeyi-halını, şəxsi arxivini, əşyalarını, əsərlərini və fotokolleksiyasını əhatə edir.

    Xüsusilə qeyd etməliyəm ki, "ANS Press" informasiya agentliyinin və “Balans” Rəqəmsal Bərpa Studiyasının əməkdaşları tərəfindən yüzə yaxın tarixi foto tam bərpa olunub. Muzey səkkiz dildə danışır. Yəni Rəsulzadəni indi dünya tanıyır — yalnız bəzi yerli kabinetlər istisna olmaqla.

    Virtual muzeyin üstünlükləri isə, etiraf edək ki, real muzeylər üçün bir az utandırıcıdır:

    • istənilən ölkədən, istənilən saatda ziyarət mümkündür;
    • ziyarətçi məkanı 360 dərəcə izləyə bilir;
    • eksponatlara toxunmaq, daha yaxından “görmək”, kopiyalamaq, mənimsəmək olur;
    • nə rütubət qorxusu var, nə təmir, nə də “bağlıyıq” lövhəsi.

    Belə çıxır ki, Rəsulzadənin irsi rəqəmsal olaraq daha yaxşı qorunur, nəinki fiziki olaraq.

    Bu günə qədər real ev-muzeyi yoxdur, amma heç olmasa mövcud binanın üzərində barelyef vurulmasına icazə də yoxdur. Amma biz Rəsulzadənin 142-ci ad gününə bu hədiyyəni də hazırladıq… Amma bu da virtual.

    Belə ki, “Rəsulzadə ev-muzeyi ictimai qrupu”nun müraciəti ilə həmin barelyefin eskizinin hazırlanma şərəfi mənim üzərimə düşdü və mən əlimnən gələni etdim ki, respublikamızın bir nömrəli barelyefi sahibinə layiq olsun və onun çətin yolunu və nailiyyətlərini əks etdirsin.

    Artıq Məhəmməd Əmin Rəsulzadənin Virtual Ev-Muzeyinin binasının üzərinə onun barelyefi həkk edildi. Düzdür, vəziyyətin özü bir az gülməlidir. Amma daha çox düşündürücüdür. Qorxuram bir müddət sonra bizim tariximiz deyil, biri-birimizə hörmətimiz də virtual olsun…

    Allah sənə rəhmət eləsin, əziz 1-ci Azərbaycanlı və ad günün mübarək!