XƏBƏRLƏR / Nəqliyyat

Rusiya FTX-si Azərbaycan-Ermənistan sərhədində olmayacaq

Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib

Rusiya FTX-si Azərbaycan-Ermənistan sərhədində olmayacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistan Azərbaycanla iqtisadi-nəqliyyat əlaqələrini gələcəkdə blokdan çıxarmaq üçün Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) sərhəd xidməti tərəfindən nəqliyyat kommunikasiyalarına nəzarətdən imtina edib. Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

    “Yolların açılması ilə bağlı bir vacib detal var ki, məncə, bütün tərəfdaşlar üçün aydındır. Sərhədlərə tam nəzarət, sərhəd xidmətlərinə nəzarət Ermənistan tərəfindən həyata keçiriləcək. Yəni Ermənistan kontekstində komunikasiyaların açılması o deməkdir ki, sərhəd xidmətini yalnız Ermənistan həyata keçirəcək”, - Qriqoryan Ermənistan İçtimai TV-sinə bildirib.

    2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya Federasiyası və Ermənistan liderlərinin imzaladığı bəyanatda qeyd edilir: “Regionda bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə təminat verir. Nəqliyyat rabitəsinə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti həyata keçirir.

    Qriqoryanın sözlərinə görə, “Ermənistanın mövqeyi çox aydındır. Ümid edirəm ki, (Azərbaycan və Rusiya) bunu nəzərə alıblar və bu prinsip əsasında irəliləyəcəklər."