Rumıniyada Orta Dəhlizin imkanları müzakirə olunur
Tədbirdə 30 dünya səviyyəli məruzəçi iştirak edir
Bu gün Rumıniyanın Konstansa şəhərində “Qara və Xəzər Dəniz Limanları və Logistika 2024” sərgi və konfransı öz işinə başlayacaq.
Tədbir Konstansa Limanı, “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası (TİTM) və Konstansa Limanı Biznes Assosiasiyası (CPBA) tərəfindən təşkil olunub.
İyulun 4-dək davam edəcək konfransda dünyanın hər yerindən 300-dən çox yüksək vəzifəli dövlət məmuru, sənaye liderləri, alimlər və satınalmalar üzrə qərar qəbul edənlər iştirak edəcək.
30 dünya səviyyəli məruzəçinin iştirak edəcəyi tədbirin konfrans proqramı qlobal və regional ticarət və investisiya ilə bağlı aktual problemlərə və çağırışlara diqqət yetirəcək.
Forumda həmçinin Xəzər və Qara dəniz limanları və Orta Dəhliz imkanları, Orta Dəhlizdə gübrə ticarəti üçün yeni logistik həll yolu kimi Bakı Beynəlxalq Dəniz Ticarət Limanında gübrə terminalının tikintisi müzakirə olunacaq.
Davamlı inkişaf üçün Orta Dəhlizdən istifadə mövzusu ətrafında da müzakirələr nəzərdə tutulub.
Transxəzər beynəlxalq nəqliyyat marşrutu (Orta Dəhliz) Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə və Avropa ölkələrinə keçir.