Rusiya bazarında satılan erməni konyakı təhlükəlidir
Ermənistandan Rusiyaya daxil olan spirtli içkilərə nəzarətin gücləndirilməsi zərurəti yaranıb
Rusiya bazarlarında satılan Ermənistan istehsalı konyakların təqribən 90 faizi sağlamlıq üçün təhlükəlidir.
TASS-ın məlumatına görə, bu barədə “Antikotrafakt” Beynəlxalq Assosiasiyası və Konyak İstehsalçıları İttifaqının birgə hesabatında məlumat verilib.
Bildirilib ki, sözü gedən nəticə Ermənistanda emal edilən 20 ticarət markasından götürülən 200 adda məhsulun analizləri nəticəsində əldə olunub. Müəyyən edilib ki, onların yarısında spirtli içki istehsalı üçün yararsız məhsullardan istifadə edilib, 177 markanın istehsalında isə texniki göstəricilərə əməl olunmayıb.
Hər iki qurumun müştərək hazırladığı hesabatın nəticələri Rusiyanın Baş Prokurorluğuna və digər müvafiq qurumlara göndərilərək, onlardan Ermənistandan daxil olan spirtli içkilərə nəzarətin gücləndirilməsi tələb edilib.
Öz növbəsində, Ermənistanın Təftiş Qurumunun informasiya, məsləhət və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anuş Arutyunyan bildirib ki, “Biz nə baş verdiyini başa düşmək üçün rəsmi izahat gözləyirik. Ermənistan tədarük edilən erməni konyakında müəyyən edilmiş problemlər barədə Rusiyadan rəsmi məlumat almayıb."