Rusiya qazın qiymətini artırsa, Ermənistan neyləyəcək?
Bu barədə ölkənin Dövlət Xidmətlərini Tənzimləmə Komissiyasının sədri Mesrop Mesropyan bildirib
Ermənistan Rusiya qazının qiymətlərinin artacağı təqdirdə Azərbaycan, Türkmənistan və İrandan qaz almağa başlaya bilər.
"Armenpress" xəbər verir ki, bu barədə brifinqdə ölkənin Dövlət Xidmətlərini Tənzimləmə Komissiyasının sədri Mesrop Mesropyan bildirib.

"Regionda (Rusiya qazına - ANSPress) alternativlər var - Azərbaycan, Türkmənistan və ya İran. Qaz satan və infrastrukturu həmin ölkələrdən qaz almağımıza imkan verən bütün mümkün ölkələrdən alacağıq", - o bildirib.
Mesropyanın sözlərinə görə, Ermənistan üçün Rusiya qazının qiyməti artsa belə, qüvvədə olan qaz tarifləri 2027-ci ilin əvvəlinədək qorunub saxlanılacaq.
O qeyd edib ki, ölkədə elektrik enerjisinin təxminən 30-35 %-i istilik elektrik stansiyalarında istehsal olunur, ona görə də qazın əhəmiyyətli dərəcədə bahalaşması elektrik enerjisi tariflərinə mənfi təsir göstərəcək.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə Rusiya qazının qiymətlərinin artmasını az ehtimal olunan hesab edir.
O cümə axşamı keçirilən brifinqdə bildirmişdi ki, İrəvan və Moskva arasında uzunmüddətli müqavilə qüvvədədir və tərəflərdən birinin onun şərtlərindən imtina etməsi "müqaviləyə zidd davranış" olardı. Bununla yanaşı, o vurğulayıb ki, Ermənistan hakimiyyəti Rusiya qazının qiymətlərinin artacağı təqdirdə bütün mümkün ssenariləri nəzərdən keçirir.
1 dəqiqə