BLOQ

Rusiyanın Qazaxıstan planı

RAND-ın hesabatına görə, Rusiyanın Qazaxıstan planı hələ 2020-ci ildə məlum idi!

Rusiyanın Qazaxıstan planı
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Qazaxıstanda baş verən hadisələrlə əlaqədar əziz izləyicilərim mənim şəxsi mövqeyimi bilmək istəyirlər.

    Beləliklə, son illərdə Rusiyanın keçmiş SSRİ respublikalarında öz hərbi qüvvələrini yenidən yerləşdirmək siyasətini, itirilmiş mövqelərini bərpa etmək istəyi ciddi beynəlxalq analitik mərkəzlərinin hesabatlarında daim yer tapır. Buna sübut olaraq Rusiyanın 2008-ci ildə Gürcüstanda Cənubi Osetiya və Abxaziya, 2014-cü ildə Ukraynada Krım və Donbas, Belarusda son seçkilər, Azərbaycanda Qarabağ 2020-ci il və s. əməliyatları nümunə gətirilir.

    2020-ci ildə ABŞ-ın RAND (tədqiqat və inkişaf) strateji araşdırmalar mərkəzi Birləşmiş Ştatlarının hakimiyyəti üçün Rusiyanın yaxın iki ildəki hərəkətlərinin mümkün ssenarilərini hazırlayıb. Bu sənəd ABŞ-ın “Rusiyanı cilovlamaq” siyasətinin işlənib hazırlanmasında vacib rol oynayıb və oynamaqdadır.

    Hələ 2020-ci ildə dərc olunan RAND-ın bu hesabatında (https://www.rand.org/pubs/research_reports/RR2563z1.html) Rusiyanın Qazaxıstan üzərində nəzarəti ələ keçirməsi ssenarisi ciddi təhlil olunub. Təxmin (proqnoz) müəlliflərinin fikrincə, “Rusiya ən yaxın tarixində tektonik dəyişikliklərə” sürüklənəcək. RAND-ın hesablamaları və proqnozuna görə, Rusiya özünün cənubi-şərq sərhədlərini gücləndirmək, eyni zamanda Qazaxstan kimi zəngin ölkəyə nəzarət etmək və Çinlə sərhədlərini bərpa etmək üçün Almatıya 14 min əsgər gətirməlidir. Rusiyadan Qazaxıstana müvəqqəti gətiriləcək hərbi texnikanın konkret miqdarı da göstərilib. Xatırlatmaq lazımdır ki, bu barədə RAND hələ 2020-ci ildə proqnoz verib... Amma mənim yaşımda olanlar bilirlər ki, "daimi" bir şey etmək istəyənlər onu həmişə "müvəqqəti" kimi təqdim edirlər.

    Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevə qarşı Rusiya yönümlü mediada gedən mənfi propaqanda - onun son vaxtlar Avropa, ABŞ və Türkiyə ilə olan isti münasibətlərindən irəli gəlir. Görünür, rəsmi Moskvaya Ukrayna kimi ikinci itki lazım deyil desək, yazının əvvəlində yazılanları vurgulamış oluruq.
    O ki qaldı Qazaxıstana, burada vəziyyət hakimiyyət üçün əlverişli olan ssenari üzrə inkişaf edir. Əsas müqavimət mərkəzləri nəzarətə götürüldü, başda Rusiya olmaqla, KTMT qoşunları ölkəyə müvəffəqiyyətlə daxil oldu.
    Hadisəni kənardan izləyənlərdə yeganə sual yaranır: bu kimə lazım idi? Cavab çox asandır - bu, bütün bunları təşkil edə bilənə lazım idi və məhz ona fayda gətirəcək!
    Nazarbayev qaçdı, respublikada onun əlaqələri zəiflədi. Texniki cəhətdən Qazaxıstanda dövlət çevrilişi baş tutdu və hakimiyyətə,  sözsüz ki, çevrilişi edənlər gəldi və ya yerlərində qaldı...
    Allah günahsız ölənlərə rəhmət eləsin və qardaş Qazaxıstanı belə bəlalardan qorusun!