Rusiya Zaporojyeyə aviazərbələr endirib: 31 ölü, 50 itkin
Rusiya ordusu əraziyə azı doqquz aviazərbə endirib YENİLƏNİB/FOTO
16:18
Ukraynanın Zaporojye vilayətinin Komışuvaxa qəsəbəsinə Rusiya aviazərbələri nəticəsində azı 31 nəfər ölüb, 5 nəfər yaralanıb, təxminən 50 nəfər itkin düşüb.
Bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri vəzifəsini icra edən Mixail Semikin bildirib.

Onun sözlərinə görə, Rusiya ordusu Komışuvaxaya azı doqquz aviazərbə endirib. Hücum yerli sakinlərin icmanın həyatdayanıqlığı mərkəzində humanitar yardım aldıqları vaxt həyata keçirilib.
Vilayətdə hücum qurbanlarının xatirəsinə noyabrın 3-dən 5-dək üçgünlük matəm elan edilib. Axtarış-xilasetmə əməliyyatı davam edir.
***
10:25
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Zaporojye vilayətinə endirdiyi aviazərbələr nəticəsində 26 nəfərin öldüyünü, 5 nəfərin yaralandığını açıqlayıb.
Onun sözlərinə görə, Rusiya qüvvələri Komışuvaxa kəndində humanitar yardımın paylandığı məktəbə zərbə endirib.
“Rusiyanın Zaporojye vilayətinin Komışuvaxa yaşayış məntəqəsinə hücumu dəhşətli nəticələrə səbəb olub. Bu səhərdən etibarən yaşayış məntəqəsi bir neçə dəfə aviasiya bombaları ilə vurulub”, - Zelenski bildirib.
Onun sözlərinə görə, zərbələr humanitar məqsədlərlə istifadə olunan məktəbə endirilib. Həmin vaxt orada sakinlərə humanitar yardım paylanırmış. İlk aviazərbədən sonra daha doqquz bomba ilə təkrar hücum həyata keçirilib. Bu zərbələr insanların sığındığı sığınacağı hədəf alıb.
Ukrayna lideri qeyd edib ki, Rusiya hər həftə Komışuvaxada qalan sakinlərə məhz həmin ərazidə humanitar yardım paylandığını bilməyə bilməzdi.
1 dəqiqə