"Sabah"-"Borussiya Dortmund" oyun sonrası mətbuat konfransı

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb VİDEO

  • Oxuma müddəti:

    2 dəqiqə

  • Azərbaycan "Sabah"ının baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqasının üçüncü turunda Bakıda Almaniyanın "Borussiya Dortmund" komandasına 1-2 hesabı ilə məğlub olduqları oyunu şərh edib.

    - Xal qazanmaq üçün nə çatışmırdı?
    - Keyfiyyət rol oynadı. Yaxşı fürsətlərimiz oldu, amma alınmadı. Əlimizdən gələni etdik. Son saniyəyə qədər matçda qaldıq. Amma rəqibin keyfiyyəti özünü göstərdi. Əldə etdikləri fürsətlərdən yararlandılar. Oyunçularımın göstərdiyi mübarizə ilə fəxr edirəm.

    - Komandanın taktiki planı nə idi?
    - Yəqin ki, bütün oyunu izləməmisiniz, amma izləyin və görəcəksiniz. Nə etməyə çalışdığımızı, necə hücum etdiyimizi və necə müdafiə olunduğumuzu başa düşəcəksiniz.

    - Orfe Mbina komandanın cokeridir O, bir dəfədən çox vacib anlarda meydana çıxdı və dəyərli töhfə verdi. Bu gün də o, bəzi anlar yaratdı. Ondan razısınızmı?
    - Komandadakı hər kəsdən razıyam. Hər kəs əlindən gələni etdi. Oyunçular hər oyunda oynamağın mümkün olmadığını başa düşürlər. Rəqabətə davamlı bir sistemimiz var. Bəzən kimsə daha dəyərli olduğunu sübut edir. Mbina da bu gün töhfə verdi və mən ondan çox məmnunam.

    - Oyunla bağlı sizi ən çox nə məyus etdi?
    - Daha yaxşı komandanın qalib gəldiyi ilə razıyam. Unutmayaq ki, "Borussiya" hazırda Avropanın ən yaxşı komandalarından biridir. Bəli, ilk hissədə yaxşı anlar yaşadılar. Amma fasilədən sonra qol şansları da yaratdıq. Hesabı bərabərləşdirə bilərdik. Ümumilikdə vəziyyət pis deyildi. Ən məyusedici məqam oyuna pis başlamağımız idi. Çempionlar Liqasındakı temp və gərginlik tamamilə fərqlidir. Hər iki hissəyə pis başladıq və erkən qol buraxdıq. Bəzi anlarda şanssız olduq. Hər halda, oyunçularımla fəxr edirəm. Son dəqiqəyə qədər təslim olmadılar.