XƏBƏRLƏR / Müttəfiq

Sabah Əliyev, Ərdoğan və Şərif Laçın hava limanını açacaqlar

Türkiyə Prezidenti və Pakistanın Baş naziri Azərbaycana səfərə gələcəklər

Sabah Əliyev, Ərdoğan və Şərif Laçın hava limanını açacaqlar
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Sabah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycana gələcək.

    Onlar Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Laçın Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəklər.

    Məlumatı Anadolu Ajansı yayıb.

    1800 metr yüksəklikdə yerləşən hava limanı dağlıq ərazidə qayaların oyulması və ərazinin hamarlanması yolu ilə tikilib. Laçın Beynəlxalq Hava Limanı Azərbaycanın ən hündür hava limanıdır.

    Təməli 2021-ci ildə qoyulan hava limanı Laçın şəhər mərkəzindən 30 kilometr, Şuşadan 70 kilometr, Kəlbəcərdən 60 kilometr məsafədə yerləşir. Hava limanının uzunluğu 3 min metr, eni 60 metr olan uçuş-enmə zolağı və saatda 200 sərnişinə xidmət göstərə bilən terminal binası var.

    Azərbaycanın Baş Naziri Əli Əsədovun mayın 26-da imzaladığı sərəncamla Laçın hava limanına “beynəlxalq hava limanı” statusu verilib. Bu statusla bağlı beynəlxalq təşkilatlara da məlumat verilib. Bununla da Azərbaycanda beynəlxalq hava limanlarının sayı 9-a çatıb.