Saxalində 75 balıqçı qopmuş buz parçasından xilas edilib
Rusiya Fövqəladə Hallar Nazirliyi xəbər verir
Saxalin vilayətinin cənubundakı Starodubskoye kəndi yaxınlığında qopmuş buz təbəqəsinin üzərində qalan 75 balıqçı xilas edilib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbər verir ki, ilkin məlumatlara görə, buz parçasının üzərində daha bir neçə nəfər qalıb.
"Oxot dənizində Starodubskoye kəndi yaxınlığında 50 metr eni olan buz təbəqəsinin qopması baş verib. İlkin olaraq 80-dən çox balıqçı sahildən 1 kilometr aralıda tapılıb. Balıq ovçuları xilas edilir. Bu işlərə “Mi-8” helikopteri və Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub, 75 nəfər artıq sahilə çıxarılıb” , - deyə yayılan məlumatda qeyd olunub.
Fevralın 18-də səhər saatlarında Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Saxalin vilayətinin Starodubskoye kəndi ərazisində buzun qopması barədə məlumat daxil olub. İlkin məlumata görə, buzun üzərində 14 nəfər olub. Sonradan məlum olub ki, buz parçasının üzərində daha çox balıqçı var.
Xilasetmə əməliyyatı davam edir.