BLOQ

Səbəbsiz üşümənin yaratdığı narahatlıqlar

Bu, həm fizioloji, həm də hər hansı xəstəliklə əlaqədar, yəni patoloji ola bilər

Səbəbsiz üşümənin yaratdığı narahatlıqlar
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Bəzən elə insanlar olur ki, hətta isti havalarda da daim üşüyürlər. Səbəbsiz üşümə hər hansı xəstəliyin əlaməti ola bilər. Ona görə həkimlərin “soyuq intoleransı” adlandırdıqları həmin halla rastlaşanda laqeyd yanaşmaq olmaz və onun səbəbini araşdırmaq lazımdır.

    Həkim-terapevt Xumar Novruzova bu barədə deyib: “Yay vaxtı üşümənin səbəbləri çox müxtəlif ola bilər. Bu, həm fizioloji, həm də hər hansı xəstəliklə əlaqədar, yəni patoloji ola bilər. “Fizioloji üşümə aclıq zamanı, pəhriz saxlayan və yaxud oruc tutanlarda ola bilər, stres halından, əsəbi gərginlikdən ola bilər, patoloji üşümə isə anemiyadan, hipetoriozdan, qalxanvari vəzin funksiyası zəif olanlar yay-qış boyu üşüyürlər”.

    Davamlı üşümə hissi ilə özünü büruzə verən xəstəliklərdən biri Reyno xəstəliyidir. Həmin xəstəlik qadınlarda daha çox müşahidə edilir. Uzun müddət davam etdiyi halda hətta oynaqlarda problem yarana bilər: “Həmin xəstələrin əl və ayaqlarında yay-qış üşümə olur. Həddindən artıq tərləməsi olan, D vitamini aşağı olan və yaxud hər hansı bir səbəbdən aşırı dərəcədə tərləyənlərin də əl və ayaqlarında üşümə hissi olur”, - deyə həkim-terapevt qeyd edib.

    Davamlı üşümə çox vaxt 20-40 yaş arasında qadınlarda müşahidə olunur. Müsahibimizin dediyinə görə, üşümə uzun müddət davam edirsə, mütləq həkimə müraciət edilməlidir: “Əsəbi adamlarda, gərgin iş rejimində olanlarda bəzi sakitləşdirici vasitələr, psixoterapiya, idman hərəkətləri ilə həmin halı aradan qaldırmaq mümkündür. Ümumiyyətlə, əgər xəstəni üşümə narahat edirsə və həmin şikayətdən həkimə üz tutursa, onda mütləq analizlər verilməli, üşümənin fizioloji, yaxud patoloji olması aydınlaşdırılmalıdır”.

    Yayda belə üşüməyə səbəb qidalanma da ola bilər. Nizamsız və sağlam olmayan qidalanma vərdiş halını alıbsa, xroniki üşümə yarana bilər. Qida enerji qaynağı olduğundan qəbul edilən yeməklər bədəndə müəyyən enerji yaradır və olan enerjini qorumağa çalışır. Əgər qidalanma rejimi düzgün deyilsə, bədəndə soyuğa qarşı dözümsüzlük yaranır.