BLOQ

Yetim qalan xalqın yaddaşı

Çingiz Mustafayev və yarımçıq qalan millət

Yetim qalan xalqın yaddaşı
  • Oxuma müddəti:

    10 dəqiqə

  • Bu gün Çingiz Mustafayevin ad günüdür. Sağ olsaydı, 66 yaşı olardı. O, 31 yaşında öldü - Naxçıvanikdə, bir mərmi qəlpəsindən.

    Tibb institutunu bitirmişdi, jurnalistikada birillik təcrübəsi belə yox idi. Amma müharibə başlayanda kameranı götürüb getdi - çünki kimsə getməli idi, çünki başqa heç kim getmirdi.

    Bu yazı onu tərifləmək üçün deyil. Daha narahatedici bir sual vermək üçündür: nə üçün bizim ən aydın şüurlu övladlarımız yalnız öləndən sonra "nümunə" olurlar?

    GƏNC MİLLƏTİN DİAQNOZU

    Sərt bir cümlə ilə başlayaq, çünki yumşaq başlanğıclar həqiqəti gizlədir: Azərbaycan müasir dövlət kimi 1918-ci ildə doğulub. Dövlətimiz cəmi bir əsr yaşındadır - millət isə ondan da gəncdir və hələ yarımçıqdır. Bu, təhqir deyil - diaqnozdur.
    Millət dediyimiz şey təbii hadisə deyil, süni, şüurlu tikinti işidir: ortaq yaddaş, ortaq dil kodu, ortaq etika, "biz" sözünün hər kəs üçün eyni şeyi ifadə etməsidir. Millət meşə kimi öz-özünə bitmir - o, əkilir, suvarılır və qorunur. Bu iş üç-dörd nəslin fasiləsiz əməyini tələb edir. Bizdə isə hər dəfə divar bel hündürlüyünə çatanda kimsə gəlib özülü söküb:
    1919 - yeni yaranmış Azərbaycan Demokratik Respublikası millətin adını Tatardan Türkə çevirir və əski ərəbdən latın əlifbasına keçid komissiyası yaradır. Cümhuriyyət süqut edir, iş yarımçıq qalır. 1929 - Sovet Azərbaycanı əski ərəb əlifbasından latına keçir. 1936 - Sovet Azərbaycanı millətin adını Türkdən Azərbaycanlıya çevirir. 1939 - latından kiril əlifbasına keçid. 1991 - Müstəqil Azərbaycan Respublikası yenidən kirildən latın əlifbasına keçir.

    Bir insan ömrü ərzində millətimiz üç ad daşıyıb və yazımızın kodu dörd dəfə dəyişdirilib. Bu, orfoqrafiya məsələsi deyil - bu, yaddaş qırğınıdır. Baba nəvəsinə öz gəncliyində yazdığı sətirləri oxuda bilmir.
    Nəticə bu gün gözümüzün qabağındadır: iki qərib arasında ortaq etik kod yoxdur. Biri digərini aldadanda vicdan əzabı çəkmir - o, "bir adamı" aldadıb, "özününkünü", "doğmasını" yox. Rüşvətxor digərindən rüşvət alanda - o, "bir adamı" soyur, "özününkünü", "doğmasını" yox. Korrupsioner dövlət büdcəsini talan edəndə - o, "kiminsə ölkəsini" talan edir (keçmiş SSRİ-də olduğu kimi), öz "Vətənini" deyil.
    Və bunun bariz nümunəsi - bu gün istənilən cərimələrin çoxluğu dövlətin gücünün deyil, millətin formalaşmamasının və zəifliyinin göstəricisidir. Bizdə əhali var, xalq var - amma millət hələ tam yaranmayıb.

    ŞƏHİDLƏR - SİSTEMİN HAZIR OLMADIĞI PROTOTİPLƏR

    Bu insanlar "Vətən" deyəndə, əslində hələ mövcud olmayan bir şeyi - gələcəkdə yaranmalı olan Milli Özünüdərketməni - öz bədənləri ilə müdafiə edirdilər. Onlar sistemin hələ yaratmadığı DNK-nı öz iradələri ilə əvəz etdilər.
    Sonra həlak oldular. Sistem isə yenə yaranmadı, əksinə, onun yaranmasında yeni fasilə başladı. Təhlükə ondan ibarətdir ki, belə fasilələr zamanı - yəni, yeni Milli Özünüdərketmə sisteminə malik fidanlar yaranana qədər - ölkə çox zəif vəziyyətdə olur.

    Və burada faciənin ən dərin qatı görünür: biz onları "şəhid" adlandırmaqla, əslində öz işimizi onların çiyninə yükləyirik. "Onlar öldü, deməli, Milləti kifayət qədər dərk edənlər var, deməli Millət var" - bu, ən rahat, ən qorxaq yalandır. Əslində biz yeni yetişmiş Milli fidanları tam şəkildə itirmişik desək, düz olar. Qəhrəmanlığı bayram etmək qəhrəmanlığı davam etdirməkdən qat-qat asandır. Birincisi bir gün çəkir, ikincisi bir ömür.

    Allah Çingizin simasında bizə görə öz varlığından imtina edən, bizi var, dövlətli edən Mərd Ürəklərə rəhmət eləsin! Kaş ki hamınız sağ qalardınız.

    Bu Şəhid adlandırdığımız Ürəklər və Beyinlər artıq tam formalaşmış Azərbaycanlılar idi. Onlar Vətən uğrunda deyil, Azərbaycançılıq uğrunda döyüşürdülər. Allah sizə rəhmət eləsin - bizə yiyə durmaq istəyirdiniz, amma bizi yetim qoydunuz...

    BİR OTEL OTAĞINDAN BAŞLAYAN MİLLƏT

    İrlandiya XIX əsrdə məhv olmaq həddində idi. Böyük Aclıq bir milyon insanı öldürdü, bir milyonu mühacirətə vadar etdi. Diqqət: itirilənlər sadəcə əhali deyildi - dili, adəti, yaddaşı daşıyan nəsil idi. Artıq dil ölürdü: hər yerdə hər şey ingilis dilində yazılırdı, milli dildə danışanlar geridə qalmış hesab olunurdu, elit təbəqə öz aralarında ingiliscə danışırdı - yəni, öz milli dilində yox.
    1884 - bir müəllim və bir idmançı Törles şəhərinin bir otel otağında GAA-nı (Qeyli Atletik Assosiasiyası) yaratdılar: milli oyunları xilas etmək üçün. 18 ay sonra 50.000 üzv. Çünki idman meydançası uşağın "biz" sözünü tərlə, konkret şəkildə yaşadığı yerdir.
    1893 - Duqlas Hayd və bir neçə nəfər Qeyli Liqasını qurdular: İrlandiyada kelt/irland dilini, ədəbiyyatını və milli mədəniyyətini qorumaq, dirçəltmək və yaymaq məqsədilə təsis edilmiş ictimai-mədəni təşkilat. Mövqe radikal idi: dil əlyazmada qalsa, ölər - o danışılmalı, oxunmalı, öyrədilməlidir. On ilə 500-dən çox filial.
    Ədəbi Dirçəliş - Yeats və başqaları irland mifologiyasını müasir ədəbiyyata gətirdilər. Bir millət özü haqqında danışa biləcəyi hekayə olmadan yaşaya bilməz. Yeri gəlmişkən, bütün dünyada məşhur olan Hellouin (qədim kelt Samhain bayramı) da İrlandiyada yaranıb.
    Müstəqil İrlandiya yalnız 1922-ci ildə yarandı - GAA-dan 38 il sonra. Yəni, millət dövlətdən əvvəl tikildi. Dövlət gələndə, artıq hazır bir "biz", Milli Özünüdərketmiş toplu var idi. Bir etiraf da lazımdır: irlandlar dili tam xilas edə bilmədilər - bu gün irland dilində gündəlik danışan 2%-dən azdır. Amma idmanı, mifologiyanı, kollektiv yaddaşı xilas etdilər. Dərs budur: hər cəbhədə qalib gəlmək lazım deyil - tikintini dayandırmamaq lazımdır. Bizim üstünlüyümüz isə odur ki, dilimiz sağdır. Yəni biz irlandlardan qat-qat yaxşı mövqedən başlayırıq.

    BƏS BƏXTİYAR VAHABZADƏNİN QÖVMÜ NƏ ETSİN?

    Bəxtiyar Vahabzadə "Ana dili" şeirini yazanda dilin təkcə ünsiyyət vasitəsi deyil, millətin özülü olduğunu deyirdi. Bax, onun qövmü indi nə etməlidir:
    1. Şifahi tarix. Bu həftə sonu nənənizin, babanızın söhbətini telefonla lentə alın. Yaddaş arxivdə deyil, evdə, mətbəxdə saxlanılır.
    2. Dilimizə hörmət. Getdiyiniz restoran və kafelərdə tələb edin ki, menyu və digər müştəri qarşısına çıxarılan yazılı atributlar azərbaycanca olsun! Hər şey mətbəxdən başlayır - yemək milli olmasa da, onu təqdim edən yazı heç olmasa azərbaycanca olsun.
    3. Könüllü icmalar. Dil klubu, oxu qrupu, tarix dərnəyi. Beş nəfər hər həftə bir kafedə toplaşırsa - bu artıq institutdur. Ən dayanıqlı struktur, bağlanacaq mərkəzi ofisi olmayan strukturdur. Bu kimi ictimai qurumlar şəhərlərdə Azərbaycan dilində olmayan lövhələr görəndə əlaqəli qurumlara müraciət etməli və Azərbaycan dilini qorumalıdırlar. Biznes sahibi adını ingilis dilində yazmaq istəyirsə, buyurub azərbaycanca da yazsın. Ən azı ona görə ki, xarici dil bilməyən və bilməyə ehtiyacı olmayan vətəndaşlarımız öz doğma şəhərində hər şeyi oxuya bilsin!
    4. Qloballaşma yox, əvəzlənmə və "kopi-peyst" təhlükəlidir. Təhlükə xarici dildə deyil, əvəzlənmədədir. Təəssüf ki, bu gün manqurtlaşma məktəbdə və universitetdə başlayır; lakin ailə onun qarşısını ala biləcək vacib məfhumdur. Azərbaycanın Milli Özünüdərketmə fidanları həlak olan dövrdə, köksüzlük zamanında isə millət çox zəif və bütün viruslara açıq vəziyyətdə olur.
    5. Ağlaşma yox, təhlil. Çingiz və digər qəhrəmanlarımızın həyatı məktəblərdə dərketmə və analiz mövzusu kimi öyrədilməlidir: bu passionar adamlar hansı seçim qarşısında qaldı? Nəyi seçdilər? Bunu nəyə görə etdilər? Sən onun yerində nə edərdin?
    6. Utanc mexanizmi. Korrupsiya qanunla yox, mədəniyyətlə azalır - hər dəfə kimsə susmaqdan imtina edəndə.

    EPİLOQ

    Çingiz Mustafayev 31 il yaşadı. Vaxt azdır. Amma tarix göstərir ki, millətlər ən ümidsiz şəraitdə də özlərini yenidən tikə biliblər - bir otel otağında yığışan bir neçə nəfərlə, bir mahnı ilə, bir dil dərsi ilə.

    Çingiz bizə sübut etdi ki, bir insan heç bir sistem olmadan da tam formalaşmış azərbaycanlı ola bilər. Deməli, bu mümkündür. İndi işimiz onun fərdi qəhrəmanlığını sistemə çevirməkdir. Əks halda hər il gül qoyacağıq, hər il yaxşı sözlər deyəcəyik, hər il bir az da unudacağıq.

    Onlar bizim üçün ölməyi seçdilər. Biz onlar üçün yaşamağı seçə bilərik - hər gün, uşağımıza danışdığımız hər hekayə ilə, yazdığımız hər sətirlə. Onlar bizə yiyə durmaq istəyirdilər.

    İndi növbə bizimdir.