Separatizmin yenidən yaranması dəstəklənir
Bu fikirləri AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib
Bugünkü məruzənin adından beynəlxalq təşkilatlara etimadın itdiyini görürük. Onu bərpa etmək üçün əlimizdən gələni etməliyik. Bəs bu etimad niyə itib? Etimadın itməsinin ilkin səbəbi sülh haqqında çox danışılması və ədalətlə bağlı çox cüzi addımlar atılmasıdır. Bəs ədalətsiz sülhü necə yaratmaq olar? Bu mümkün deyil. Ədalətsiz sülh çox kövrək olacaq, davamlı və əbədi olmayacaq.
Bu fikirləri AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun payız sessiyası çərçivəsində “Münaqişələrin qarşısının alınmasında, beynəlxalq institutların etimadının bərpasında və dünyada sülhün təşviqində Avropa Şurasının rolu” adlı məruzənin müzakirəsi zamanı çıxışında deyib.
“Azərbaycanlı olaraq deyə bilərəm ki, bununla bağlı təcrübəmiz var. Otuz il ölkəmiz işğal altında olub. Beynəlxalq təşkilatlardan ədalətin bərpa olunmasını xahiş etdik. Bildirdik ki, ədalət bərpa edilməlidir. Ancaq beynəlxalq təşkilatlar dedilər ki, bu, mümkün deyil, bunu qəbul etməlisiniz. Ölkənizə qarşı ədalətsiz yanaşma ilə razılaşmalısınız. Bildirdik ki, bu, qeyri-mümkündür, bu, xaos yaradacaq. Beynəlxalq təşkilatlar ədaləti, sülhü bərpa etmədilər. Onun nəticəsidir ki, bu gün bu məruzənin başlığı yaranıb, beynəlxalq təşkilatların etimadı itib”, - deyən Səməd Seyidov beynəlxalq təşkilatların 30 il ərzində işğala göz yumduğunu vurğulayıb.
Azərbaycan nümayəndə heyətinin rəhbəri bildirib ki, işğalçı hər şeyi edə biləcəyini düşünür. Getdikcə işğal coğrafiyasını genişləndirməyə başlayır və daha çox başağrısı, maneələr yaradır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndə inanılmaz hadisə baş verdi. Axır ki, ədalət qələbə çaldı demək əvəzinə beynəlxalq təşkilatlar dedilər ki, niyə bunu etdiniz, ərazi bütövlüyünüzü bərpa etdiniz. Bildirdik ki, biz danışmaq, erməni həmkarlarımızla birgə gələcək haqqında düşünmək istəyirik. Lakin yenidən regionda separatizm yaradılmasına cəhdlər görürük və beynəlxalq təşkilatlar bu cəhdi dəstəkləyir. Məruzədə qeyd edildiyi kimi, ölkələrin ərazi bütövlüyü və suverenliyi prioritet olmalıdır.