Sərhədin delimitasiyası prosesində yeniliklər ola bilər
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı deyib

Azərbaycanla sərhədin delimitasiyası prosesində təzə xəbər ola bilər - Ermənistan XİN rəhbəri
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistanla Azərbaycan arasında münasibətlərə və yolların aşılması ilə bağlı aparılan danışıqlara toxunub.
Armenpress-in verdiyi məlumata görə, Milli Assambleyada hökumət üzvləri ilə sual-cavab sessiyası zamanı Mirzoyan Vaşinqtonda bəyannamənin imzalanması və sülh müqaviləsinin paraflanmasını xüsusi qeyd edərək, bunları çox mühüm hadisələr adlandırıb. Mirzoyan qeyd edib ki, sülhün bərqərar olması diqqətlilik, ehtiyatlılıq və ardıcıllıq tələb edən uzunmüddətli prosesdir.
“Bu gün biz Azərbaycanla blokadanın aradan qaldırılması üçün işləyirik, sərhədin delimitasiyası prosesində yeniliklər ola bilər”, - deyən Mirzoyan amerikalı tərəfdaşlarla, xüsusən də birgə dəmir yolu və digər infrastruktur layihələri ilə bağlı müzakirələrin də davam etdiyini bildirib.
Xarici işlər naziri vurğulayıb ki, humanitar məsələlərin həlli prioritet olaraq qalır: əsirlərin və girovların azad edilməsi, eləcə də itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi.
Onun sözlərinə görə, sülh sazişi imzalanandan sonra da problemlər qalacaq, lakin hazırda eskalasiya və qaynar münaqişənin yaranması riskləri minimuma endirilib.