Sevgilisinin azyaşlı övladını öldürən şəxsə 18 il iş kəsildi
Bakı Ağır Cinayətlər Məhkəməsində Yaşar Abbasova hökm oxunub

Bakının Binəqədi rayonunda qeyri-rəsmi nikah münasibətində yaşadığı qadının azyaşlı övladını işgəncə verməklə qətlə yetirməkdə təqsirləndirilən Yaşar Abbasovun cinayət işi üzrə növbəti məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Yaşar Abbasov 18 il müddətinə azadlıqdan mərhum edilib.
Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən prokuror Yaşar Abbasovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, Yaşar Abbasov qeyri-rəsmi nikahda yaşadığı İpək Əhmədovanı döyməkdə, onun doqquz yaşlı fiziki qüsurlu övladı Əli Seyidvəli oğlu Əhmədzadəni isə işgəncə verməklə qəsdən öldürməkdə təqsirləndirilib.
Məlum olub ki, Y.Abbasov İ.Əhmədovanı döyməklə yanaşı, azyaşlı uşağa işgəncə verərək onu öldürüb.
Bundan başqa, Yaşar azyaşlının bədəninə damğa vurub. Onun bədəninə xəsarətlər yetirməklə yanaşı, soyuq havada küçədə saxlayıb, üzərinə soyuq su töküb.
Yaşar Abbasova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4, 120.2.9, 133.2.4-cü maddələri ilə ittiham irəli sürülüb. O, qeyri-rəsmi nikahda yaşadığı İpək Əhmədovanı döyməkdə, doqquz yaşlı fiziki qüsurlu oğlu Əli Seyidvəli oğlu Əhmədzadəni isə işgəncə verməklə qəsdən öldürməkdə təqsirləndirilib.
Zərərçəkən şəxsin hüquqi varisi olan anası hazırda məhkumdur. İpək Əhmədova narkotik vasitələrin qanunsuz istifadəsi ittihamı ilə həbs olunub.