Nərimanov Nəriman Nəcəf oğlu 1870-ci il 14 aprel tarixində Tiflisdə anadan olub. İlk təhsilini Tiflis müsəlman ruhani məktəbində almışdır. Qori seminariyasını bitirdikdən (1890) sonra, Tiflis quberniyası Borçalı qəzasının Qızılhacılı kəndinə müəllim təyin olunmuşdur. 1891-ci ildə Bakıya gələrək, geniş fəaliyyətə başlamış, Bakıda türk-müsəlman əhali üçün ilk xalq qiraətxanası təşkil etmiş (1894), bir sıra Şərq ölkələrindən, Rusiyadan qiraətxana üçün ədəbiyyat almışdır. 1894-cü ildə Nərimanovun "Nadanlıq" pyesi Azərbaycan dilində çap olunmuş, 1895-ci il yanvarın 15-də isə ilk dəfə Bakıda tamaşaya qoyulmuş, əldə olunan gəlir qiraətxanaya verilmişdir. Bu dövrdə Nərimanov "Dilin bəlası", yaxud "Şamdan bəy" (1895), "Bahadır və Sona" (1896-1908), "Nadir şah" (1899) əsərlərini, bir çox publisistik məqalələr, Azərbaycan və rus dillərini öyrənənlər üçün dərsliklər yazmışdı. Azərbaycan dramaturgiyasında ilk tarixi dram olan "Nadir şah" pyesi çap olunsa da, tamaşaya qoyulmasına yalnız 8 ildən sonra icazə verilmişdi. Nərimanovun ədəbi-publisistik fəaliyyəti cəmiyyəti ətalətdən qurtarmağa, türk-müsəlman əhalinin milli oyanışına xidmət etmişdir. 1896-cı ilin mayında Bakı realnı məktəbində ştatlı müəllim vəzifəsinə təyin olunmuş Nərimanov 1902-ci ildə ekstern qaydası ilə imtahanı verərək, Bakı kişi gimnaziyasını bitirmək haqqında kamal attestatı almış və həmin ildə Odessadakı Novorossiya Universitetinin tibb fakültəsinə daxil olmuşdur. Nərimanov siyasi fəaliyyətə Odessada tələbə hərəkatında başlamış, çar hökuməti universiteti müvəqqəti bağladıqdan sonra Bakıya qayıtmış, sosial-demokrat "Hümmət” təşkilatına daxil olmuş, həmin təşkilatın fəaliyyətində yaxından iştirak etmişdir. Bu dövrdə İran inqilabçıları ilə sıx əlaqə saxlamış, İran sosial-demokrat "İctimaiyyun-amiyyun" ("Mücahid") partiyasının əsasını qoyanlardan biri olmuşdur. 1906-cı ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının (RSDFP) proqramını Azərbaycan dilinə tərcümə etmişdir. 1906-cı ildən başlayaraq Nərimanovun mətbuatdakı çıxışları mədəni, maarif problemləri ilə yanaşı, açıq siyasi məzmuıı daşımışdır. "İrşad" və "Həyat" qəzetlərində silsilə məqalələr dərc etdirmişdir.