"Dahilərin divanı": Xurşidbanu Natəvan
Xan qızı barədə veriliş 2009-cu ildə ANS TV-də çəkilib yayımlanıb
Xurşidbanu Natəvan xanım Cavanşir-Usmiyeva — XIX əsr Azərbaycanın görkəmli şairəsi. Sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi.
Mehdiqulu xan qızı Xurşidbanu Natəvan 6 avqust 1832-ci ildə Şuşada anadan olmuşdur. O, ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sonuncu vərəsəsi olduğu üçün, onu sarayda "Dürrü yekta" (Tək inci), el arasında isə "Xan qızı" çağırmışlar.
Xurşidbanu ərəb və fars dillərini öyrənmiş, onların vasitəsilə klassik şeirin qayda-qanunlarını mənimsəmişdir.
Tarixçilərin ehtimalına görə, xarici və daxili vəziyyətin ciddi surətdə gərginləşməsi və xan ailələri üzərində nəzarətin güclənməsi nəticəsində Xurşidbanu Xasay xan Usmiyevlə izdivaca məcbur edilmişdi. Başqa ehtimalla, Xasay bəy Tiflisdə onlara mülk iddialarında kömək göstərmiş və müqabilində Xurşidbanuya evlənməyi təklif etmişdir. 1850-ci ilin payızında Xasay bəy Şuşaya gəlib toy etmiş və Xurşidbanunu Dağıstana — öz doğma kəndinə, oradan da Tiflisə aparmışdır.
Natəvan ikinci dəfə 1869-cu ildə rəiyyət içərisindən çıxmış Seyid Hüseyn adlı bir şuşalıya ərə getmiş, bu hərəkəti ilə bəy və mülkədarları qəzəbləndirmişdir. Onlar Natəvanın ailə üzvləri arasına təfriqə salaraq, oğlu Mehdiqulu xanın evdən baş götürüb getməsinə müvəffəq olmuşlar. Şairə ömru boyu qınaq və töhmətlərdən yaxa qurtara bilməmişdir.
Şəxsi münasibətlərin, dövranın haqsızlığı, zalımların sitəmi şairi vaxtsız qocaltmış, onu həyat işığına həsrət qoymuşdur. Ağlamaqdan gözlərinin nuru getmiş, bədəni taqətdən düşmüşdür. Xurşidbanu Natəvan 1897-ci il, 1 oktyabrda vəfat etmişdir və Ağdamın "İmarət" qəbiristanlığında dəfn olunmuşdur.