"Şəxsiyyət vəsiqəsi": Hüseyn Cavid
Azərbaycan şairi və dramaturqu barədə veriliş 2015-ci ildə ANS TV-də çəkilib yayımlanıb
Hüseyn Cavid (doğum adı: Hüseyn Abdulla oğlu Rasizadə; 24 oktyabr 1882, Naxçıvan, İrəvan quberniyası, Rusiya imperiyası – 5 dekabr 1941, Tayşet rayonu[d], İrkutsk vilayəti) — Azərbaycan şairi, yazıçı və dramaturqudur. Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavid milli romantik şeirin və mənzum faciənin banisidir.
İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində alıb. 1899–1903-cü illərdə Təbrizin "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirib. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirdikdən sonra Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik edib.
Ömrünün sonrakı illərində Hüseyn Cavid daha çox dramaturq kimi tanınıb. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərib, "Cavid teatrı" kimi səciyyələndirilib. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapıb. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Şeyx Sənan" əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atıb.
1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şerlər yazır. 1920–1930-cu illərdə Hüseyn Cavid "Peyğəmbər", "Topal Teymur", "Səyavuş", "Xəyyam" kimi bir sıra tarixi dramlar yazıb.
1938-ci ildə həbs olunaraq "əks-inqilabi əlaqələr saxlamaq", "bir sıra müsavatçılarla müsavatçı söhbətlər aparmaq", "öz ətrafında millətçi düşüncələrlə köklənmiş cavan şairləri toplayıb müsavatçı ruhda təkmilləşdirmək" kimi ittihamlarla günahlandırılıb. 9 iyun 1939-cu ildə şair 8 il islah əmək düşərgəsinə məhkum edilir. O, 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonununda dünyasını dəyişib. Ölümündən sonra 1956-cı il martın 6-da Azərbaycan SSR Ali Məhkəməsinin hökmü ilə Hüseyn Cavid bəraət alır.