ŞKTC TDT-nin Budapeşt sammitində iştirak edəcək
Bu, beynəlxalq ictimaiyyətə pozitiv mesajdır

Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi sammitində növbəti iştirakı beynəlxalq ictimaiyyətə pozitiv mesajdır.
Bunu "Report"a Türkiyə Böyük Millət Məclisində (TBMM) İYİ Partiyadan Adana şəhərini təmsil edən millət vəkili və partiyanın sədr müavini Ayyüce Türkeş Taş bildirib.
Millət vəkilinin fikrincə, mayın 20-22-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısında Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) müşahidəçi qismində iştirakı sevindirici haldır:
"ŞKTC Prezidenti Ersin Tatarın TDT-yə üzv ölkələrin dövlət başçıları ilə birlikdə bu sammitə qatılması təşkilatın Mərkəzi Asiyadan olan dövlət başçılarına nümunə hesab ediləcək davranışdır. Bu toplantıda TDT-yə Mərkəzi Asiyadan üzv olan Türk dövlətlərinin Cənubi Kiprdə səfirliklər açmasının Türk dünyasında yaratdığı gərginliyə aydınlıq gətiriləcəyini düşünürəm. Macarıstanın bir Türk dövləti olaraq Şimali Kiprlə bağlı mövqeyi təqdirəlayiqdir. Fikrimcə, bu, həm də son hadisələrə qətiyyətli bir cavabdır. Yəni, bu, Şimali Kipr Türk Cümhuriyyətini işğalçı hesab edən Cənubi Kipr və Yunanıstanın son təxribatçı cəhdlərinin heç bir nəticə vermədiyini göstərir".
A.T.Taş Qazaxıstanda TDT ilə bağlı keçirilən son toplantıya ŞKTC-nin dəvət edilməməsindən təəssüfləndiyini də bildirib.
"Macarıstanın Avropa İttifaqına üzv olmasına baxmayaraq və Qazaxıstanın tərəddüdlərınə rəğmən, balanslı, ədalətli davranışı Şimali Kiprin Türk dünyasında, eləcə də beynəlxalq aləmdə mövqeyini daha da gücləndirəcək", - o vurğulayıb.