Pentaqonun məxfi hərbi xəritələrində, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) coğrafi lüğətində “Siran” şifrəsi, şifroqramı var. “Siran” şifrəsi ilə bu xəritələrdə İran ilə Suriyanın birgə hərbi, siyasi, kəşfiyyat əməliyyatları işarələnir. Şifrənin müəllifi ABŞ-ın bir saylı politoloqu, kəşfiyyatçısı Maykl Artur Ledindir. 83 yaşı var. Siyasi, kəşfiyyat texnologiyaları müəllifidir.
Vaxtilə İtaliyada at oynadan solçu “Brigate Rosse” terrorçularını zərərləşdirən də məhz odur.
Dəsti-xətti, imzası belədir - terror dəstəsi əvvəl aşkarlanır. Nəzarətə götürülür. Köhnə idealist üzvlər öldürülür. Agentlərlə əvəzlənir.
Berlin divarı yıxılandan sonra Maykl Ledin bu siyasi texnologoyasını İtaliyadan Yaxın Şərqə transfer etməyi bacardı.
Maykl Ledin musiqini çox sevir. Xüsusən klassik simfonik musiqini. Səslərə, səsləşmələrə xüsusi diqqət verər. Misalçün, adıəzbər terrorçu Ben Ladeni də o seçib.
Əvvəl adındakı musiqidən xoşlanıb. Öz “Ledin” adını eşidib bu musiqidə. Bu brendi mənimsəyib. Sonra “Ledin+Laden” musiqisi, adları, əməliyyatları qarışıb bir-birinə. Yeni simfonik, yox...kəşfiyyat məzmunu qazanıb Yaxın Şərq akustikasında.
“Siran” şifrəsini o gətirib Pentaqona. ABŞ Mərkəzi Kəşfiyyar İdarəsinə.
“Neokon”lardandır. Yəni ABŞ-ın yeni konservatorlarındandır. “Yol xəritəsi” ifadəsi də politologiya elminə məhz Ben Ledenin, bağışlayın, Maykl Ledinin əsərlərindən düşüb.
Digər qanadlı ifadələri, cümlələri də ABŞ siyasi texnoloqlarının dilindən düşmür: “Hər on ildən bir ABŞ özünə bir qurbanlıq ölkə tapmalıdır. Qurban kəsməlidir öz siyasətinə”.
ABŞ qara siyahısı da müəllifsiz deyil. Müəlliflik haqları yenə də bax bu Maykl Ledinə məxsusdur. Hələ ötən əsrin 90-larında o, bu siyahını anonslayıb: Miloşeviç, Ben Laden, Mubarək, Qəddafi, Kim ailəsi, Əsəd klanı, Xamneyi...
Bəşər Əsədin banal sonluğu bir daha bu siyahını təsdiqlədi. Göstərdi ki, Ben Laden...üzr istəyirəm Maykl Ledin siyasi folklor nümunəsi deyil. Realdır. Elə qara siyahısı da o cümlədən. Çünkü siyahıdakı adlar tükənməkdədir artıq.
Tehran, artıq bu xəbərdarlıqları, bu siyasi folkloru ciddiyə almağa başlayıb deyəsən. Dünən İran XİN rəhbəri Abbas Araqçı canlı (farsca “zinde”) efirdə sualları cavablandırarkən Suriya, Əsəd mövzusundan kənara qaçmadı. Dedi: “Biz Əsədə dəfələrlə siyasi islahatlar tərklif etdik. O isə...”.
Abbas Araqçını deşifrələyək.
“Əsəd” kəlməsi, deyəsən, çox musiqlidir bu tələffüzdə. Nisbi məzmunludur. İndi “Əsəd” adını tələffüz edərkən İranda bir başqasını - Xamneyini nəzərdə tuturlar. İslahatçılar, başda Cavad Zərif olaraq, indi “Əsəd” adı altında rəhbəri hədəfə alıblar.
Mövzu davam edəcək. Müzakirələr İran Milli Məclisinə sıçrayacaq tezliklə. Sədr müavini Cavad Zərif artıq bu müzakirələri elə həmin “Əsəd” şifrəsi ilə kodlaşdıracaq. Ancaq Xamneyini tuş alacaq bu müzakirələrdə.
Qısası, Maykl Ledin siyahısı, kursu ABŞ-da qalib gəldi. Kurs, deyəsən, Tramp üçün də yad deyil. Əksinə, tam doğmadır.
Maykl Ledin rənbərəng İran müxalifətini birləşdirən “İran demokratik koalisiyası uğrunda” hərəkatının həmtəsisçilərindəndir. İrandakı növbəti iğtişaşaların ssenarisini deyəsən o yazır.
4 mart tarixində İran rejissoru Məhəmməd Rasulofa Hollivudda "Oskar" mükafatı veriləcək. Məqsəd Novruz bayramından öncə İran müxalifətini mövzu ətrafında cəmləməkdir. Mövzu maraqlıdır: İran İnqilab məhkəməsi sədrinin evdə şəxsi tapançası itib. Prokurorun gözü öz qızlarından su içmir. Film Tehrandakı feministlər üçün əsl bayram sovqatıdır. Ssenari isə Maykl Ledinin real iştirakı ilə yazılıb.
Deyilənə görə, martın 4-də Tehranda Baş prokuror öz şəxsi tapançasını həqiqətən itirəcək. Film ilə reallığın sərhədləri itəcək. Film dönəcək feminist inqilabının real performansına.
Sağ ol, Maykl Ledin. Kəşfiyyat əməliyyatlarına performans nəfəsi də verdin.
P.S. İndi Ağ ev dəhlizlərində Maykl Ledinin yeni zarafatı səslənir - “Ənvər Sədat, Səddam, Əsəd. Bu adların hamısı eyni səs tərkiblidir. Eyni səslər. Eyni ssenari. Eyni sonluq. Qədəhlərimizi qaldıraq. Milad bayramı yaxınlaşır. Şaxta baba özüməm!