Allah Qənirəyə şəfasını əsirgəməsin!
Əzizimiz Qənirənin xəstəliyinə nəyin səbəb olduğu önəmli deyil, önəmli olan bu xəstəliyi tezliklə aradan qaldırmaqdır
Bu səhər ANS Press saytından əzizimiz Qənirə Paşayevanın xəstəxanaya düşməsi haqqında məlumat aldım.
Məlumat almaq üçün dərhal Mərkəzi Klinik Xəstəxanasına telefon açdım (öz telefonu çalışmır). Aldığım məlumat: Qənirə xanım komadadır və üzərində Azərbaycanın ən savadlı həkimləri çalışır. Əlacsız qalan həkimlər onu süni nəfəs aparatına qoşublar və yardım üçün Türkiyyədən xüsusi həkim briqadasının gəlməsi gözlənilir.
Sonuncu dəfə mən Honq-Konq Saat Sərgisində olarkən bizlərdən onunla VMF şirkətinin Baş direktoru Aida Əliyeva danışmışdı. Səhhətinin kəskin pis olması barədə heç bir söz deməmişdi... Həmişə olduğu kimi Vətən qayğısı və mövcud vəziyyətlə olan hamımızda olan həyəcan... Məhz bu səbəbdən bizim hamımız üçün bu gecə baş verən hadisə gözlənilməz oldu.
Hamı gecədən mənə zəng edib soruşur ki, Qənirənin xəstəliyi nədir? Hamıya birlikdə cavab verirəm - bu an əzizimiz Qənirənin xəstəliyinə nəyin səbəb olduğu önəmli deyil, önəmli olan bu xəstəliyi tezliklə aradan qaldirmaq üçün bütün imkanları səfərbər etməkdir.
İn şa Allah, Qənirə həmişə olduğu kimi bu dəfə də ANS qətiyyətini və iradəsini nümayiş etdirərək bu başımıza gələn bəladan sağ və salamat çıxacaq. Bütün həmkarları, bütün ANS-çilər adından ona şəfa diləyirəm, dualarımız daim onunladır. Bilirəm ki, Dövlət strukturları onu ayağa qaldırmaq üçün əllərindən gələni edirlər, amma biz də onun şəfa tapması üçün malımızla, canımızla dəstək olmağa hazırıq!
Bütün ANS sevərlərdən xalqımızın mərd qızı, əzizimiz Qənirənin şəfası üçün dua etməyi rica edirəm!
Allah onu salamat eləsin!