SOCAR-ın gəlirləri 54%, xalis mənfəəti 4,5 dəfə artıb
Neft şirkəti 2022-ci ili güclü nəticələrlə başa vurmağı bacarıb
2022-ci ildə SOCAR-ın gəlirləri 119 milyard 228 milyon manat təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 53,8% çoxdur.
Belə məlumatlar şirkətin 2021-ci il üçün konsolidə edilmiş maliyyə hesabatında təqdim olunub. SOCAR-ın 2022-ci il üzrə maliyyə fəaliyyətinin MHBS-ə uyğun auditini “Ernst & Young” şirkəti həyata keçirib.
SOCAR-ın 2022-ci il üçün xalis mənfəəti 9 milyard 424 milyon manat (artım 4,5 dəfə) təşkil edib.
“Qlobal iqtisadi fəallığın zəifləməsinə və qlobal inflyasiya təzyiqinə baxmayaraq, SOCAR 2022-ci ili güclü nəticələrlə başa vurmağı bacarıb”, - deyə şirkətin şərhində bildirilir.
SOCAR-dan verilən məlumata görə, maliyyə uğurunu şərtləndirən amillər arasında idarəetmənin təkmilləşdirilməsi, texniki, texnoloji və kommersiya əməliyyatlarının səmərəli həyata keçirilməsi, maliyyə resurslarının daha qənaətcil idarə edilməsi, innovativ və beynəlxalq təcrübədən istifadə, eləcə də optimallaşdırma və texnoloji transformasiya tədbirləri.
“Hesabat dövründə SOCAR-ın gəlirlərinin artımı müəssisələrin daha səmərəli idarə olunması və kompleks fəaliyyəti, rəqəmsal enerji texnologiyalarının yaratdığı əlavə dəyər, həmçinin dünya bazarlarında neft, qaz və neft-kimya məhsullarının qiymətlərinin artması ilə bağlı olub”, - deyə şirkət qeyd edir.
SOCAR-ın məlumatına görə, 2022-ci ildə şirkət mənfəət marjasını 11,4%-dən 12,3%-ə, əməliyyat mənfəətini 1,9 dəfə artıraraq 9 milyard 362 milyon manata çatdırıb və 2022-ci ili 9 milyard 424 milyon manat xalis mənfəətlə başa vurub. "Qeyd edirik ki, bu, şirkətin konsolidasiya edilmiş maliyyə hesabatlarını hazırlamağa başladığı 2008-ci ildən bəri ən yüksək göstəricidir", - hesabatda vurğulanır.
Hesabata görə, hesabat ilində SOCAR-ın satış dəyəri 104 milyard 526 milyon manat (artım 52,2 faiz) təşkil edib.
Şirkətin 2022-ci il üçün mənfəət vergisi üzrə Azərbaycanın dövlət büdcəsinə ödənişləri 1 milyard 439 milyon manat (artım 23,8%) təşkil edib.
2022-ci ildə şirkətin ümumi aktivləri 16,5% artaraq 80 milyard 835 milyon manata çatıb. O cümlədən, SOCAR-ın dövriyyə aktivləri 39,6 faiz artaraq 33 milyard 431 milyon manata, uzunmüddətli aktivləri 4,4 faiz artaraq 47 milyard 404 milyon manata çatıb.
Artım tendensiyası SOCAR-ın kapitalı və pul vəsaitləri ilə bağlı da müşahidə olunub. SOCAR-ın məcmu kapitalı 46,5% - 33 milyard 335 milyon manata, nağd pul vəsaitləri isə 38,6 faiz artaraq 12 milyard 490 milyon manata çatıb. 2022-ci ilin sonuna şirkətin nizamnamə kapitalı 5 milyard 546 milyon manat (artım 4,8%) təşkil edir.
2022-ci ildə şirkətin öhdəlikləri 1,9% artaraq 47 milyard 500 milyon manata çatıb. O cümlədən, SOCAR-ın uzunmüddətli öhdəlikləri 18 milyard 530 milyon manat (azalma 29,5%), cari öhdəlikləri 28 milyard 970 milyon manat (artım 42,7%) təşkil edir.