S.Şahramanyan: "Erməniləri Qarabağa qaytarmalıyıq!"
Özünü buraxmış separatçı “Dağlıq Qarabağ”ın “keçmiş başçısı Samvel Şahramanyan qondarma “Artsax İctimai Televiziyası”na müsahibə verib
Samvel Şahramanyan deyib ki, Azərbaycan sentyabrın 19-da hərbi əməliyyatlara başlayandan sonra onlar tək olduqlarını başa düşüb:
“Döyüşlər başlayandan bir neçə saat sonra anladım ki, biz tək qalmışıq. Rusiya tərəfi demək olar ki, müşahidəçi statusunda idi və biz öz problemlərimizi özümüz həll etməli idik”.
Şahramanyanın sözlərinə görə, Azərbaycan tərəfi ilə 12 saata yaxın davam edən danışıqlar aparıblar:
“Bizə aydın idi ki, döyüş əməliyyatlarını dayandırmaq lazımdır, çünki qüvvələr müqayisə olunmaz idi və biz nə qədər uzun müddət müqavimət göstərsəydik, bir o qədər çox itkimiz olacaqdı... Mən Azərbaycan tərəfinin bizə tanış olan və əvvəllər də Araik Arutyunyanla əlaqə yaradan, bizimlə müvafiq işləri yerinə yetirmək səlahiyyətinə malik yüksək səviyyəli nümayəndələri ilə birbaşa əlaqə yaratmalı oldum”.
Şahramanyanın sözlərinə görə, o, Azərbaycan tərəfi ilə danışıq aparacaq namizədlər kimi əvvəlcə Samvel Babayan və Vitali Balasanyanı təklif etsə də, rəsmi Bakıdan mənfi cavab alıb.
S.Şahramanyan deyib ki, Azərbaycan Ordusu artıq Xankəndinin girişində - Kərkicahan qəsəbəsində olanda təslim olmağı qərara alıblar:
“Bakının göndərdiyi ilk sənədi qəbul etmədik. Bütün “siyasi qüvvələr”in daxil olduğu böyük bir komanda ilə müzakirələr apardıq. Bəzi dəyişikliklər etdik və Azərbaycan tərəfini məlumatlandırdıq. Danışıqlardan sonra biz sənəd qəbul etdik. Sənədə əsasən, bizim “ordu” buraxılacaq və silahlar təhvil veriləcəkdi”.
Samvel Şahramanyan deyib ki, Azərbaycanın hərbi əməliyyatı başlanan zaman Ermənistan rəhbərliyi ilə əlaqə saxlayıblar:
“Bəzi məsələləri müzakirə etdik, bəzi məsələləri müzakirə etmək mümkün olmadı, çünki əlaqə saxlamaq çətin. Səbəb də əməliyyat zamanı internetin çox zəif olması idi, Ermənistanla rabitə xətti praktiki olaraq kəsilmişdi”.
Şahramanyan deyib ki, Ermənistanın separatçıların nəyi imzaladığından xəbəri var idi və onlar rəsmi İrəvanla bu sənədlərlə bağlı mümkün təhlükələri müzakirə ediblər.
“Həmin vəziyyətdə bizim bir məqsədimiz var idi: insanların həyatını xilas etmək, “ordumuz”un əsgər və zabitlərinin həyatını xilas etmək. Hesab edirəm ki, biz buna nail ola bilmişik”, - deyə Samvel Şahramanyan bildirib.
Qondarma başçı deyib ki, Azərbaycan tərəfinin təqdim etdiyi inteqrasiya proqramı ilə tanış olduqdan sonra ermənilər müstəqil və könüllü şəkildə ya Qarabağda qalmalı, ya da getməli idi.
Samvel Şahramanyan deyib ki, indi onlar Qarabağ ermənilərinin geri qayıtmasını düzəltməyə imkan verəcək məsələlərlə məşğul olmağa çalışırlar.