Mark Rütte NATO-nun 14-cü Baş katibidir YENİLƏNİB
NATO Baş katibi səlahiyyətləri Hollandiyanın keçmiş baş nazirinə keçib
13:03
Niderlandın sabiq baş naziri Mark Rütte on il ərzində NATO-nun baş katibi postunu tutan norveçli Yens Stoltenberqi əvəz edib.
Səlahiyyətin təhvil verilməsi mərasimi NATO-nun Brüsseldəki mənzil-qərargahında Şimali Atlantika Şurasının xüsusi iclasında baş tutub.
Səlahiyyətlərini təhvil verən Yens Stoltenberq 2014-cü ildə alyansa rəhbərlik etməyə başlayanda NATO-nun “Ukraynaya yalnız kiçik dəstək verdiyini, lakin indi bu dəstəyin kütləvi olduğunu və koordinasiya üçün xüsusi qərargahın yaradıldığını bildirib.
Vəzifəni təhvil alan Mark Rütte isə Ukrayna müharibəsini və alyansın müdafiə xərclərinin artırılmasını prioritet hesab etdiyini deyib.
“Prioritetlərimiz dəyişməz olaraq qalır. Biz Ukraynanın müstəqil demokratik dövlət kimi qalmasını təmin etməliyik. Müdafiə və çəkindirmə imkanlarımız baxımından xərcləri artırmalı, kollektiv müdafiə gücümüzü genişləndirməliyik”, - deyə NATO-nun 14-cü Baş katibi vurğulayıb.
Onun sözlərinə görə, təhlükəsizliyin təmin olunması üçün dünyanın müxtəlif bölgələrində NATO tərəfdaşlıqları inkişaf etdirilməlidir.
***
10:53
Bu gün Brüsseldə son on ildə NATO-ya rəhbərlik edən Yens Stoltenberqin NATO baş katibi səlahiyyətlərinin Hollandiyanın keçmiş baş naziri Mark Rütteyə veriləcəyi mərasim keçiriləcək.