XƏBƏRLƏR / Dünya

Sudandakı vəziyyətlə bağlı Bakıdakı səfirlik məlumat yaydı

Hökumət ölkədəki hazırkı vəziyyətin daxili böhran olduğunu təsdiqləyir, bu barədə heç bir təhrifi qəbul etmir

Sudandakı vəziyyətlə bağlı Bakıdakı səfirlik məlumat yaydı
Mustafa Abdel Halim
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Sudan Respublikasının Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Mustafa Abdel Halim Sudandakı vəziyyətlə bağlı açıqlama verib:

    “Səfirlik Sudanda baş verən son hadisələr, dövlətin təhlükəsizliyi və sabitliyi ilə bağlı narahatlığını bildirmiş bütün şəxsləri, dövlət qurumlarını və xarici təşkilatları əmin etmək istəyir ki, ölkədə baş verənlər vətəndaş müharibəsi deyil. Bu, daha əvvəl silahlı qüvvələrin fraksiyalarından biri olmuş və hakimiyyəti ələ keçirmək üçün üsyan qaldırmış, sonra isə silahlı qüvvələrin ali baş komandanının qərarı ilə dağıdılmış qüvvələrin uğursuz çevriliş cəhdidir.

    Afrikada demokratik keçidin çətinliklərini başa düşmək vacibdir. Çünki Sudan böhranı təfərrüatları ilə demokratik sivil idarəetməyə keçid üçün daha əvvəl oxşar çətinliklərin şahidi olmuş Afrika ölkələrindəki böhranlara daha yaxındır. Hökumət ölkədəki hazırkı vəziyyətin daxili böhran olduğunu təsdiqləyir, bu barədə heç bir təhrifi qəbul etmir və böhranın sonunun sudanlıların özlərinin əlində olacağına əminliyini bildirir.

    İndi Sudan silahlı qüvvələri təşəbbüsü öz əlinə götürüb və onlar üsyanı tez bir zamanda yatırmağa qadirdirlər, lakin vətəndaşların həyatı və ölkənin infrastrukturunun təhlükəsizliyi naminə həddindən artıq güc tətbiq etmirlər. Sudan Hökuməti ilə üsyançılar arasında birbaşa danışıqlar aparılmır. Paytaxt Ciddədə imzalanan sazişin məqsədi zərərçəkənlərə humanitar yardımın çatdırılmasıdır ki, bu da, Səudiyyə Ərəbistanı və ABŞ tərəfindən həyata keçirilib.

    Hazırda üsyan səngiyib və lakin paytaxt Xartumun məhdud ərazilərində davam edir. Silahlı qüvvələr bir çox ölkələrin vətəndaşlarının, o cümlədən Azərbaycan vətəndaşlarının təxliyəsini asanlaşdırıb və ya təmin edib.

    Üsyançı qüvvələr xeyli sayda insan və texnika itkisinə məruz qalıb və onların bəziləri könüllü olaraq silahlı qüvvələrə təslim olub. Hərbi tarazlığını itirən üsyançı qüvvələr diplomatik nümayəndəliklərin qərargahlarını qarət etməyə əl atıb.

    Sudanda demokratikləşmə prosesi qiyam yatırıldıqdan dərhal sonra bərpa olunacaq”.