"Sülh olmadığı müddətcə SSRİ-nin ruhu səmamızda dolanacaq"
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 33-cü ildönümü ilə bağlı müraciətində deyib
"Sülh gündəliyi müstəqillik gündəliyidir".
"Sputnik Armenia" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 33-cü ildönümü ilə bağlı müraciətində deyib.
Paşinyanın sözlərinə görə, 44 günlük müharibədən əvvəl və xüsusən də sonra o, Bəyannamənin mətnini dəfələrlə oxuyub və belə qənaətə gəlib ki, XX əsrin sonunda qəbul edilmiş sənəd artıq Ermənistanı müstəqilliyini itirməsinə gətirib çıxarıb.
"Baş nazir vəzifəsinə başlayanda Bəyannaməyə “İncil mesajı” kimi yanaşırdım, lakin indi aydın oldu ki, mətn nə qədər fundamental olsa da, onun dərin təhlilə ehtiyacı var və sənəd siyasi sənəddir", - o bildirib.
"Sülh olsa, müstəqilliyimiz də olar. Nə qədər ki, sülh yoxdur, SSRİ-nin ruhu regionumuzun səmasında dolanacaq", - Ermənistan baş naziri vurğulayıb.