XƏBƏRLƏR / Qonşular

Tbilisidə etiraz aksiyasında 44 nəfər xəsarət alıb YENİLƏNİB

Periodik olaraq polislə aksiya iştirakçıları arasında qarşıdurmalar baş verir

Tbilisidə etiraz aksiyasında 44 nəfər xəsarət alıb YENİLƏNİB
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 14:57

    Dünən Tbilisidə keçirilən etiraz aksiyası zamanı 44 nəfər xəstəxanaya yerləşdirilib.

    Bu barədə Gürcüstanın Səhiyyə Nazirliyi məlumat yayıb

    Onlardan 27-si etirazçı, 16-sı hüquq-mühafizəçi və 1-i jurnalistdir.

    Qeyd edilir ki, zərərçəkənlərdən bəziləri tibbi müəssisələrdən ayrılıb, bəziləri isə həkimlərin nəzarəti altında klinikada qalır.

    ***

    12:02

    Tbilisidə etiraz aksiyasının iştirakçıları Rustaveli prospektindən Çavçavadze prospektinə doğru hərəkət ediblər.

    Bu barədə "Sputnik" xəbər verib.

    Gürcüstanda hakimiyyətin noyabrın 28-də ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların 2028-ci ilə qədər açılmasını gündəmdən çıxarmaq qərarına qarşı etirazlar dördüncü gündür davam edir.

    Hazırda onlarla etirazçı Tbilisi Dövlət Universitetinin birinci korpusu yaxınlığında yolu bağlayıb.

    Hüquq-mühafizə orqanlarının əməkdaşları səhər saat 7 radələrində Rustaveli prospektində ərazini mitinq iştirakçılarından təmizləmək üçün tədbirlərə başlayıblar.

    Bundan əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları səs siqnalından istifadə edərək aksiya iştirakçılarını dağılışmağa çağırıblar, əks halda asayişin bərpası üçün onlara qarşı qanuni tədbirlər görüləcək.

    Gürcüstan Daxili İşlər Nazirliyinin bəyanatına görə, parlamentin ərazisində aksiya bütün gecə dağıdıcı şəkildə davam edib - iştirakçılar pirotexniki vasitələrdən istifadə edib, müxtəlif obyektləri yandırıblar. Etirazçılar parlament binasına daş atıb, müşahidə kameralarını zədələyiblər.

    Aksiya zamanı hüquq-mühafizə orqanlarının 6 əməkdaşı və bir neçə televiziya şirkətinin əməkdaşı yaralanıb. Polisin fəaliyyəti zamanı aksiya iştirakçıları müxtəlif yüngül xəsarətlər alıblar.

    ***

    08:08

    Gürcüstanda hakimiyyətin ölkənin 2028-ci ilə qədər Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlanmasını gündəmdən çıxarmaq barədə noyabrın 28-də qəbul etdiyi qərara etirazlar üçüncü gündür ki, davam edir.

    Gürcüstan mətbuatı xəbər verir ki, periodik olaraq polislə aksiya iştirakçıları arasında qarşıdurmalar baş verir.

    Polis xüsusi təyinatlı dəstələri parlamentin ərazisindən Opera Teatrı istiqamətində hərəkətə keçiblər və aksiya iştirakçılarına xəbərdarlıq edilib.

    Polis qüvvələrini zirehli maşınlar izləyir. Hüquq-mühafizə orqanların əməkdaşları etirazçıların süni barrikadalar qurduğu Çavçavadze küçəsində hərəkət edirlər.

    Rustaveli prospekti və Lagidze küçəsi də polislər tərəfindən mühasirəyə alınıb.

    Bundan başqa, Azadlıq meydanı Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşları, həmçinin xüsusi texnikalar tərəfindən mühafizə olunur.