Tbilisidə Rusiyaya qarşı sanksiyalar müzakirə ediləcək
Qərbin yüksək vəzifəli nümayəndələri Gürcüstana axışır
ABŞ-ın Sanksiyalar İdarəsinin rəhbəri Cim O'Brayen bu gün Aİ-nin sanksiyalar üzrə səfiri Devid O'Sallivan və Böyük Britaniya hökumətinin nümayəndəsi Kumar Ayerlə birlikdə "Gürcüstan hakimiyyəti ilə "qarşılıqlı maraq doğuran məsələləri, xüsusən sanksiyaları və onların səmərəli şəkildə həyata keçirilməsi məsəllərini" müzakirə etmək üçün Tbilisiyə gələcəklər. Bu barədə bazar ertəsi Dövlət Departamenti bildirib.
"Bu səfərin məqsədi birbaşa rabitə kanalı açılması və gələcək üçün kooperativ dialoq qurulmasıdır", deyə idarədən bildiriblər, xəbəri "Turan"ın Vaşinqtondakı müxbiri verib.
Səfər Rusiya və Moskva ilə yaxın olan bir sıra Qafqaz və Mərkəzi Asiya ölkələri, o cümlədən Gürcüstan, Qazaxıstan və Ermənistan arasında ticarətlə bağlı Kremlin Ukraynaya tammiqyaslı hücumu başladıqdan sonra kəskin şəkildə artan narahatlıqlar fonunda baş tutur.
"Bu müzakirələr haqqında ətraflı danışmaq istəmirəm, sadəcə onu demək istəyirəm ki, bizim Rusiyaya qarşı tətbiq etdiyimiz sanksiyalardan yayınmağa çalışacaq istənilən ölkə ilə bağlı narahatlıqlarımız var", deyə bazar ertəsi Dövlət Departamentinin nümayəndəsi Metyu Miller Turan-ın suallarına cavabda bildirib.
"Və biz daim sanksiyaları sərtləşdirməyin və ya onlardan yayınmağa çalışan şəxslər və ya təşkilatlar barəsində sərt tədbirlər görməyin yollarını axtarırıq". Miller Tbilisidə aparılacaq müzakirələrin təfərrüatını açıqlamayıb.