TBMM Baş katibinin müavini Naim Çoban Azərbaycana gəlib
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər veriblər
Türkiyə Böyük Millət Məclis (TBMM) Baş katibinin müavini Naim Çobanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qonaqlar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib.
Daha sonra nümayəndə heyəti Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyevlə görüşüb.
Fərid Hacıyev iki qardaş ölkənin münasibətlərinin Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “bir millət, iki dövlət” şüarına uyğun olaraq inkişaf etməsindən danışıb.
Aparat rəhbəri ölkələrimizin daim bir-birinə dəstək verdiyini qeyd edərək, 44 günlük Vətən müharibəsində Azərbaycanın Türkiyənin mənəvi-siyasi dəstəyinin bir daha şahidi olduğunu bildirib.
Aparat rəhbəri ötən il Türkiyə Böyük Millət Məclisinin Baş katibi Talip Uzunla görüşünü xatırlayaraq, parlament aparatları arasında əlaqələrin inkişafının qanunverici orqanların daha səmərəli əməkdaşlığının qurulmasına öz töhfəsini verəcəyinə inamını ifadə edib. Fərid Hacıyev Altıncı çağırış Milli Məclisin formalaşmasından sonra parlamentin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Milli Məclisdə aparılmış islahatlar, Aparatın strukturu və fəaliyyəti barədə məlumat verib.
Ötən il iki ölkənin parlamentləri arasında imzalanmış əməkdaşlıq haqqında sazişin əhəmiyyətindən danışan Fərid Hacıyev həmin sənəddə parlament aparatları arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinin də yer aldığını diqqətə çatdırıb və bu əməkdaşlığın faydalı olacağına əminliyini bildirib.
Göstərilən doğma münasibətə görə təşəkkürünü bildirən Türkiyə Böyük Millət Məclisi Baş katibinin müavini Naim Çoban Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib. O, iki ölkənin parlament aparatları arasında əməkdaşlığın vacibliyindən danışıb, qarşılıqlı təcrübə mübadiləsinin və mütəmadi səfərlərin əhəmiyyətini qeyd edib. Qonaq Azərbaycanın Türkiyədə baş vermiş güclü zəlzələ zamanı göstərdiyi yardımın qardaş münasibətinin təzahürü olduğunu diqqətə çatdırıb.
Söhbət zamanı qanunverici orqanlar arasında əməkdaşlığın müxtəlif istiqamətləri barədə müzakirələr aparılıb.
Görüşdə Milli Məclis Aparatı rəhbərinin müavinləri Yaşar Əməşov, Rüstəm Mahmudov və digər rəsmi şəxslər iştirak ediblər.
Türkiyəli qonaqlar, həmçinin, Parlament Aparatının Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili və İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbələrinin əməkdaşları arasında görüş keçirilib.
Görüşü açan Milli Məclis Aparatı rəhbərinin müavini Rüstəm Mahmudov Altıncı çağırış Milli Məclisin formalaşmasından sonra spiker Sahibə Qafarovanın başçılığı ilə parlamentdə aparılmış islahatlar, Aparatın strukturu və görülən işlər barədə məlumat verib.
Sonra Türkiyə Böyük Millət Məclisi Baş katibinin müavini Naim Çobanın başçılıq etdiyi nümayəndə heyəti ilə Milli Məclis Aparatının qanunvericilik şöbələrinin əməkdaşları arasında görüş keçirilib.
Görüşdə iştirak edən Milli Məclis Aparatı rəhbərinin müavini Yaşar Əməşov bildirib ki, parlament Aparatında 3 qanunvericilik şöbəsi fəaliyyət göstərir. Bunlar Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik, İqtisadi qanunvericilik və Sosial qanunvericilik şöbələridir.
Sonra Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid, İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov və Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev rəhbərlik etdikləri şöbələrin parlamentin həyata keçirdiyi qanunvericilik fəaliyyətində iştirakı, qanun layihələrinin hazırlanması, qəbulu və qüvvəyə minmə prosesi, bu şöbələrin gördükləri işlər barədə məlumat veriblər.
Nümayəndə heyəti ilə Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin əməkdaşları arasında da görüş olub.
Əvvəlcə Parlament Aparatı rəhbərinin müavini Yaşar Əməşov Altıncı çağırış Milli Məclisin formalaşmasından sonra spiker Sahibə Qafarovanın rəhbərliyi ilə parlament diplomatiyasının gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb.
Sonra Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin sektor müdiri Mirkamal Əlizadə çalışdığı şöbənin fəaliyyət istiqamətləri barədə slaydları nümayiş etdirib, şöbənin parlamentin beynəlxalq fəaliyyətinin təmin edilməsi sahəsində həyata keçirdiyi işlər, TBMM ilə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti barədə fikirlərini açıqlayıb.