XƏBƏRLƏR / Sağlamlıq

TDT Qızıl Aypara Şəbəkəsinin rəhbərlərinin iclası keçirilib

Türk Qızıl Aypara Şəbəkəsinin Bəyannaməsi imzalanıb YENİLƏNİB

TDT Qızıl Aypara Şəbəkəsinin rəhbərlərinin iclası keçirilib
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 13:41

    Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan dövlətlərin Qızıl Aypara Şəbəkəsinin rəhbərlərinin iclası çərçivəsində Türk Qızıl Aypara Şəbəkəsi Bəyannaməsi imzalanıb.

    İmzalanan sənəd üzv ölkələrin Milli Cəmiyyətləri arasında qarşılıqlı əməkdaşlıq və humanitar həmrəyliyi təsdiq edir. Bəyannamə bilik və təcrübə mübadiləsinin genişləndirilməsini, birgə humanitar layihələrin həyata keçirilməsini, fövqəladə hallara koordinasiyalı reaksiya imkanlarının artırılmasını və regional həmrəyliyin daha da möhkəmləndirilməsini nəzərdə tutur.

    ***

    11:18

    Bakıda Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlərin Qızıl Aypara Şəbəkəsinin rəhbərlərinin iclası keçirilir.

    Şəbəkənin üzvləri olan Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan respublikalarının Qızıl Aypara Cəmiyyətləri ilə yanaşı, müşahidəçi qismində Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti Qızıl Aypara Cəmiyyətlərinin rəhbərləri iştirak edirlər.

    Toplantının əsas məqsədi TQŞ-in 2025-ci il üzrə fəaliyyətlərinin geniş təhlilinin aparılması, üzv Milli Cəmiyyətlər arasında humanitar sahədə əməkdaşlıq istiqamətində əldə olunmuş nəticələrin dəyərləndirilməsi və 2026-cı il üçün Fəaliyyət Planının formalaşdırılmasıdır.

    Tədbir, üzv Milli Cəmiyyətlər arasında qarşılıqlı əməkdaşlıq və həmrəyliyi təsdiq edən Türk Qızıl Aypara Şəbəkəsi Bəyannaməsinin imzalanması ilə yekunlaşacaq.

    Qeyd edək ki, ötən il Bişkek şəhərində keçirilmiş görüş zamanı Türk dövlətlərinin Qızıl Aypara Cəmiyyətlərinin qərarı ilə “Qırmızı Şəbəkə” platforması təsis olunmuş və sədrlik Qırğızıstan Qızıl Aypara Cəmiyyəti tərəfindən həyata keçirilmişdir. Bu il baş tutan növbəti görüşdə sədrlik Azərbaycan Qızıl Aypara Cəmiyyətinə keçib.