Tehran-Bakı münasibətlərində müəyyən istiləşmə
Baş nazirin müavini Şahin Mustafayev İranın yollar naziri Mehrdad Bəzrpaşla telefonla danışıb
İranın yol naziri, Azərbaycan-İran hökumətlərarası komissiyasının həmsədri Mehrdad Bəzrpaş ilə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev arasında telefon danışığı olub.
İranın "Tasnim" agentliyi xəbər verir ki, Bəzrpaş Tehranın Azərbaycanın və regionda digər ölkələrin ərazi bütövlüyünü dəstəklədiyini bildirib. İran, həmçinin Ermənistan və Azərbaycana gərginliyi azaltmağa kömək etməyə hazırdır.
Tərəflər ikitərəfli ticarət-iqtisadi əlaqələri, o cümlədən Xudafərin su anbarından birgə istifadəni, İran və Azərbaycan arasında yeni körpünün tikintisi layihəsinin həyata keçirilməsini və digər məsələləri müzakirə ediblər.
Hərbi, diplomatik və hökumətlərarası səviyyələrdə İran-Azərbaycan təmaslarının nəticələrini ümumiləşdirərək ehtimal etmək olar ki, son illərdə Tehran-Bakı arasında dominantlıq edən gərginliyin pik həddi geridə qaldı və tərəflər tərəfdaşlıq və konstruktiv dialoq yoluna qayıtmış kimi görünürlər.