Terror aktı ilə bağlı DTX-də cinayət işi başlanıldı
Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb
Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.
Bildirilib ki, bu gün Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum edilib.
Hücumu edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq Səfirliyin mühafizə xidmətinin rəisi Əsgərov Orxan Rizvan oğlunu qətlə yetirməklə yanaşı, daha iki mühafizəçiyə xəsarət yetirib. Bununla belə, Səfirliyin əməkdaşları cinayətkarı tərksilah etməklə onun cinayət əməllərini dayandırıblar.
Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.2, 120.2.1, 12.2, 120.2.4, 12.2, 120.2.11, 12.2, 29, 120.2.7, 12.3, 214.2.1, 12.3, 214.2.3 və 12.2, 228.2.1-ci maddələri ilə cinayət işi başlanılmışdır. Hazırda istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
İran İslam Respublikasının aidiyyəti qurumlarına aparılan araşdırmalarla bağlı zəruri məsələlərin həllinə dair müraciət edilib.
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terrorçuluq əməlləri ilə bağlı bütün halların tam və hərtərəfli araşdırılması təmin ediləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Azərbaycan Cinayət Məcəlləsinin 12-ci maddəsi cinayət əməli Azərbaycan Respublikası ərazisindən kənarda törədilən cinayətlərə şamil edilir. Başlanmış cinayət işində də Cinayət Məcəlləsinin 12.2 və 12.3-cü maddələri tətbiq edilib.
12.2-ci maddəyə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının maraqlarına (mənafelərinə) qarşı cinayət törətdikləri halda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda və bu cinayətə görə xarici dövlətdə məhkum olunmadıqda, Azərbaycan Cinayət Məcəlləsi əsasında cinayət məsuliyyətinə cəlb edilə bilərlər.
12.3-cü maddəyə əsasən isə sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, insan alveri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hava gəmisini qaçırma, girov götürmə, işgəncələr, dəniz quldurluğu, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, saxta pul və ya qiymətli kağızları hazırlama və ya satma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə, radioaktiv materiallarla əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, Azərbaycan Cinayət Məcəlləsi əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır.
Terror aktı ilə bağlı başlanan cinayət işinin maddələrinin açılışı:
- 12.2, 120.2.1-ci maddə - Bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə;
- 12.2, 120.2.4-cü maddə - Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə;
- 12.2, 120.2.11-ci maddə - Quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə;
- 12.2, 29, 120.2.7-ci maddə - İki və ya daha çox şəxsi öldürməyə cəhd
- 12.3, 214.2.1-ci maddə - Terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;
- 12.3, 214.2.3-cü maddə - Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə;
- 12.2, 228.2.1-ci maddə - Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə.