XƏBƏRLƏR / Hadisə

Tərtərdə məktəblilər arasında dava ölümlə nəticələnib

Baş prokurorluq məlumat yayıb

Tərtərdə məktəblilər arasında dava ölümlə nəticələnib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Mayın 6-da Tərtər rayonu ərazisində iki məktəbli arasında baş vermiş mübahisədən qısa müddət sonra onlardan birinin huşunu itirməsi və aparıldığı xəstəxanada ölməsi faktı ilə bağlı araşdırma aparılır.

    Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb, hazırda ibtidai istintaq aparılır.

    Hadisə tənəffüs zamanı, şagirdlər su içməyə gedəndə baş verib. Məktəbin 10-cu sinif şagirdi A.Ə. mayın 6-da 2 saat dərsdə iştirak edib, tənəffüsə çıxıb və geri qayıtmayıb. Belə olanda şagirdin harada olması ilə maraqlandıqda xəbər verilib ki, şagirdi xəstəxanaya çatdırıblar və vəfat edib.

    Qeyd edək ki, şagirdlər arasında düşən mübahisə zamanı onlardan biri digərinə yumruqla xəsarət yetirib. Xəsarət alan məktəbli Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

    Hadisəni törətməkdə şübhəli bilinən şəxsin Tərtər şəhər 5 saylı məktəbin şagirdi olduğu bildirilir.