XƏBƏRLƏR / Siyasət

Təyyarə qəzası ilə bağlı Rusiya tərəfi ilə müzakirə aparılır

Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev digər sualları da cavablandırıb

Təyyarə qəzası ilə bağlı Rusiya tərəfi ilə müzakirə aparılır
  • Oxuma müddəti:

    3 dəqiqə

  • "Azərbaycanın aidiyyəti qurumları dekabrın 25-də Bakı-Qroznı reysi ilə hərəkət edən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmaları davam etdirir. İnanırıq ki, yaxın vaxtlarda tərəfdaş dövlətlərlə birlikdə bu məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək." Bu barədə Teleqraf.com -a Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev məlumat verib.

    “Prezidentin bu məsələ ilə bağlı keçirdiyi müşavirədə o da vurğulanıb ki, təyyarə qəzası ilə bağlı aparılan araşdırmaların gedişi ilə bağlı ictimaiyyətə mütəmadi məlumat veriləcək”, - Hikmət Hacıyev qeyd edib.
    Qəza ilə bağlı Azərbaycanın Rusiyadan gözləntilərinə gəlincə, Hikmət Hacıyevin sözlərinə görə, bu məsələ Rusiya tərəfi ilə ixtisaslaşmış və diplomatik kanallar vasitəsilə müzakirə olunur.

    “Məhkəmə prosesi sübut edir ki, burada ən vacib məsələlərdən biri Ermənistanın dövlət məsuliyyətidir”

    Bunu Hacıyev Ermənistanın baş naziri Nikol Paşinyanın separatçı rejimin nümayəndələrinə qarşı psixotrop maddələrin tətbiq olunması ilə bağlı səsləndirdiyi iddialarına münasibətini bildirərkən deyib.

    Ümumiyyətlə, məhkəmə prosesi sübut edir ki, burada ən vacib məsələlərdən biri Ermənistanın dövlət məsuliyyətidir. Bu prosesdə təqsirləndirilən şəxslərin özlərinin də ifadələri əsasında o fikrə gəlmək olur ki, tapşırıqlar bilavasitə Ermənistan Respublikası tərəfindən verilib. Ermənistan təcavüzkar və işğalçı dövlət olub və bu dövlətin verdiyi əmrlər də yerində müxtəlif şəxslər tərəfindən icra edilib.

    Amma yenə də məhkəmənin yekun nəticələri haqqında bir söz demək düzgün olmazdı. Məhkəmə prosesi çərçivəsində bütün təqsirləndirilən şəxslərin məsuliyyəti tam şəkildə təmin olunacaq. Burada ən vacib məsələ ədalətin təmin olunmasıdır. Bu ədaləti Azərbaycan xalqı gözləyir”, - Hikmət Hacıyev bildirib.

    “Azərbaycanla İran qonşu dövlətlərdir. Ölkələrimiz arasında dostluq və mehriban qonşuluq münasibətlərinin olması vacibdir".

    Bunu Hikmət Hacıyev İranın bəzi ayətullahlarının Azərbaycana qarşı apardıqları kampaniyaya münasibət bildirərkən deyib.

    Onun sözlərinə görə, İranla Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir.

    “Bütün məsələlər iki ölkənin aidiyyəti strukturları tərəfindən dialoq və əməkdaşlıq şəraitində müzakirə olunur. İctimai, media müstəvisində müxtəlif fikir ayrılıqları yaxud bu prosesə təsir etməyə cəhd göstərən qüvvələr olur. Amma hesab edirik ki, burda ən vacib məqam iki ölkənin aidiyyəti strukturları arasında, dövlət səviyyəsində aparılan siyasi məsləhətləşmələrdir”- Hikmət Hacıyev vurğulayıb.