BLOQ

"Tovariş Nizami"

Eşitdiklərimdən yazıram

"Tovariş Nizami"
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Hüseyn Abbaszadə danışırdı ki, Sov.İKP MK-nın Baş katibi L.İ Brejnevin son Bakı səfəri (sentyabr, 1982) zamanı respublika rəhbəri Heydər Əliyev keçmiş Lenin sarayındakı təntənəli tədbir ərəfəsində tanınmış ziyalıları, mədəniyyət və incəsənət xadimlərini yüksək qonağa təqdim edirdi. Leonid İliç demək olar ki, heç bir reaksiya vermədən, avtomatik şəkildə uzadılmış əlləri sıxırdı. Sıra SSRİ xalq artisti, məşhur dirijor Niyaziyə çatanda Heydər Əliyev “Наш всемирно известный маестро Ниязи”- deyə onu təqdim etdi. Brejnev birdən-birə sanki canlandı. Köhnə tanışına rast gəlibmiş kimi Niyazinin əllərini əlinin içində saxladı, xırıltılı səsi ilə:
    - Как поживаете, товарищ Низами? - deyə soruşdu.

    Bir dəfə eşitdiyim bu hadisəni Prezidentə danışıb həqiqətə nə dərəcədə uyğun olması ilə maraqlandım.
    - Yadıma gəlmir, - dedi. - Bəlkə də olub, fikir verməmişəm. Bəlkə də yazıçıların uydurduğu lətifədir. Amma bir məsələ var ki, 1981-ci ildə Nizaminin 840 illiyi ilə bağlı məşhur qərar qəbul olunanda Brejnevə Nizami haqqında o qədər danışmışdım ki, "N" hərfi ilə başlanan hər ad ona Nizamini xatırlada bilərdi. O ki qaldı Niyazi ola...