XƏBƏRLƏR / Dünya

Tramp avqustun 1-dən 14 ölkənin ticarət tarifini artıracaq

Trampın bu barədə məktublarını ilk alan ölkələr Yaponiya və Cənubi Koreya olub

Tramp avqustun 1-dən 14 ölkənin ticarət tarifini artıracaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ABŞ Prezidenti Donald Tramp avqustun 1-dən yeni ticarət tariflərinin tətbiqi barədə 14 ölkəni məlumatlandırıb.

    Xarici media xəbər verir ki, Trampın məktublarını ilk alan ölkələr Yaponiya və Cənubi Koreya olub. Amerika lideri avqustun 1-dən etibarən bu ölkələrdən gələn bütün mallara 25% rüsum tətbiq edəcəyini açıqlayıb.

    Məktubları alan növbəti ölkələr Malayziya, Qazaxıstan və Cənubi Afrika olub. Onlara mallara 30%-ə çatan tariflərin tətbiqi barədə məlumat verilib. Laos və Myanma hökumətləri 40% tarifin tətbiqi ilə bağlı məlumatlandırılıb.

    ABŞ Prezidentinin Tunis, Bosniya və Herseqovina, İndoneziya, Banqladeş, Serbiya, Kamboca və Tailand liderlərinə göndərdiyi məktubu da dərc edilib. Tramp bu ölkələri aşağıdakı tariflərlə hədələyib: Tunis üçün 25%, Bosniya və Herseqovina üçün 30%, İndoneziya üçün 32%, Banqladeş və Serbiya üçün 35%, Kamboca və Tailand üçün 36%.

    Amerika lideri xəbərdarlıq edib ki, hər hansı ölkə cavab olaraq tarifləri qaldırarsa, Vaşinqton da öz rüsumlarını eyni məbləğdə artıracaq. O, həmçinin liderləri tariflərdən yayınmaq üçün ABŞ-da mal istehsal etməyə çağırıb.

    Daha sonra Ağ evdə keçirilən tədbirdə Tramp jurnalistlərə deyib ki, avqustun 1-də tariflərin tətbiqi qərarı “son, lakin 100 faiz deyil”. "Əgər onlar (rüsumların tətbiq olunacağı ölkələrin liderləri) zəng edib fərqli bir şey etmək istədiklərini söyləsələr, biz buna açıq olacağıq", - deyə ABŞ Prezidenti bildirib.