Türkiyə, Gürcüstan və İraqdakı din xadimləri Bakıya gəlir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi xəbər verir
Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimlərindən ibarət nümayəndə heyəti milli-mənəvi dəyərlərimizin qorunması və Azərbaycan həqiqətlərinin təbliği məqsədilə “Zəfərin yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində sentyabrın 6-da Azərbaycana səfər edəcək.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə baş tutacaq səfər ərzində nümayəndə heyəti Fəxri xiyabanı, Şəhidlər xiyabanını, Zəfər parkını və Zəfər muzeyini, Türk Şəhidliyi abidəsini, Heydər məscidini, Bibiheybət məscid-ziyarətgah kompleksini ziyarət edəcək. Din xadimləri, həmçinin Azərbaycan İlahiyyat İnstitutunda olacaqlar.
Növbəti günlərdə qonaqların Şuşa, Xankəndi və Ağdamda olan tarixi-dini abidələr, qədim ibadətgahlar, mədəni irs nümunələri, o cümlədən işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri ilə tanışlığı nəzərdə tutulur.
Ümumilikdə 50-yə yaxın azərbaycanlı din xadiminin iştirak edəcəyi səfər proqramı sentyabrın 10-da yekunlaşacaq.
1 dəqiqə