XƏBƏRLƏR / Qonşular

Türkiyədə keçirilən “3+3” platformasına dair bəyanat

İclasda Azərbaycan, Ermənistan, İran və Rusiya xarici işlər nazirləri iştirak edirlər YENİLƏNİR

Türkiyədə keçirilən “3+3” platformasına dair bəyanat
  • Oxuma müddəti:

    9 dəqiqə

  • 23:00

    “Oktyabrın 18-də İstanbulda Türkiyə Xarici İşlər Nazirliyinin ev sahibliyi, Azərbaycan, Rusiya, Ermənistan və İranın XİN rəhbərlərinin iştirakı ilə üçüncü toplantısı keçirilən Cənubi Qafqaz Regional Əməkdaşlıq Platformasının (3+3) başlıca məqsədi regional mülkiyyət anlayışı ilə Cənubi Qafqazda qarşılıqlı fayda prinsipi əsasında çoxtərəfli əməkdaşlığın inkişafıdır”.

    Bu ifadələr Türkiyənin Xarici İşlər Nazirliyinin toplantı ilə bağlı açıqlamasında bildirilib.

    Qeyd edilib ki, görüşdə Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olması, həmçinin regional inkişaf məsələləri müzakirə olunub, konkret layihələr vasitəsilə regional əməkdaşlığın dərinləşdirilməsi mövzusunda fikir mübadiləsi aparılıb.

    Toplantının sonunda iştirakçı tərəflərin birgə Bəyanatı qəbul edilib. Bəyanatda regional iqtisadi əməkdaşlığın ölkələrarası etimadın bərqərar olmasında və rifahın, sabitliyin artırılmasında oynadığı rol vurğulanıb. Nəqliyyat, kommunikasiya, ticarət, enerji, investisiya və inteqrasiya sahələrində əməkdaşlıq imkanlarını dəyərləndirmək barədə razılığa gəlinib.

    Bəyanatda bölgədə sülhün və sabitliyin dialoq yolu ilə təmin edilməsinin əhəmiyyəti də vurğulanıb.

    Türkiyə Cənubi Qafqazda daimi sülhün təmin edilməsi və əməkdaşlığın gücləndirilməsi məqsədilə region ölkələri ilə işləməyə davam edəcək.

    XİN-in açıqlamasında bildirilib ki, toplantıdan sonra qonaq nazirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediliblər.

    ***

    16:24

    18 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının İstanbul şəhərinə işgüzar səfəri çərçivəsində “3+3” regional məşvərət formatının görüşündə iştirak və çıxış edib.

    Çıxışda ölkəmizin təhlükəsizlik, iqtisadiyyat, ticarət, energetika, nəqliyyat-kommunikasiyalar, ətraf mühitin mühafizəsi, təbii və texnogen fəlakətlər və s. istiqamətlər üzrə mövcud çağırışların regional əməkdaşlıq imkanlarına çevrilməsinə yönələn baxışı, o cümlədən postmünaqişə dövründə regional sülh və normallaşma prosesi üzrə mövqeyindən ətraflı bəhs olunub.

    Nazir Ceyhun Bayramov “3+3” formatının görüşünə ev sahibliyinə görə qardaş Türkiyə Respublikasına təşəkkür edib, mövcud çağırışlarla mübarizədə ölkəmizin regional əməkdaşlıq və bu kimi formatlar çərçivəsində məsləhətləşmələrə xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb.

    Xarici qüvvələrin regionda öz təhlükəli gündəlikləri, o cümlədən ziddiyyətli hərbiləşdirmə ilə məşğul olmaqla, geosiyasi eskalasiya və bölücü xətləri regionumuza proyeksiya cəhdlərini artırması fonunda regional fəaliyyət və dialoqun daha da vacib olduğu vurğulanıb.

    Mövcud şəraitdə bölgə dövlətlərinin beynəlxalq hüququn prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, daxili işlərə qarışmama əsasında regionumuza sahib çıxmasının, bölgəmizin problemlərinin həll yollarını məhz region çərçivəsində axtarması, regional təhlükəsizliyimizi bölünməz anlayış olaraq qəbul etməsinin əhəmiyyəti qeyd olunub.

    Ölkəmizin müstəqilliyinin bərpa olunmasından bəri bölgə dövlətləri ilə qarşılıqlı hörmət, maraqlar balansı və legitim təhlükəsizlik narahatlıqları nəzərə alınmaqla qarşılıqlı faydalı əməkdaşlıq etdiyi, bunun nəticəsində Bakı-Tbilisi-Qars, Şimal-Cənub dəhlizi kimi bir sıra regional, o cümlədən qlobal əhəmiyyətli layihələrin həyata keçirildiyi bildirilib. Birgə layihələrimizin Naxçıvan Muxtar Respublikasını da əhatə etməsi, xüsusilə İran ərazisindən keçərək Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən kommunikasiyaların tezliklə tamamlanmasına dair ümidvarlıq ifadə olunub.

    Keçmiş münaqişənin yekunlaşması, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası ilə regional əməkdaşlıq üçün açılan yeni imkanların fonunda Azərbaycanın Ermənistanla dayanıqlı sülh quruculuğu prosesinin davam etdirilməsi və irəlilədilməsinə dair qətiyyəti bir daha təsdiq olunub.

    Sülh prosesinin qarşısında duran maneələrin aradan qaldırılmasının, xüsusilə Ermənistanın təcavüz və işğalının bir daha təkrarlanmayacağı və sülhün daxili siyasi və hüquqi vəziyyətdən asılı olmayacağına zəmanət verən zəruri konstitusiya dəyişikliklərinin vacibliyi vurğulanıb. Mövcud problemlərin gözardı edilməsi ilə dayanıqlı sülh quruculuğunu təxirə salan “yarımçıq sülh”ün Ermənistan tərəfindən təbliğatının "gizli gündəm"in mövcudluğuna dair sual doğurduğu qeyd olunub.

    ***

    13:51

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda “3+3” regional platformasının nazirlər toplantısında çıxış edib.

    Bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.

    Qeyd edilib ki, iclasda Azərbaycanın ümumi çağırışları, təhlükəsizlik, iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, rabitə və ətraf mühit kimi müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib.

    Həmçinin, münaqişədən sonrakı dövrün belə bir kritik anında regionda davamlı və dönməz sülhə nail olmaq üçün Ermənistan tərəfindən zəruri Konstitusiya dəyişiklikləri vasitəsilə keçmiş münaqişənin rəvayətlərinin və strukturlarının qalıqlarının aradan qaldırılmasının vacibliyi vurğulanıb.

    ***

    13:22

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

    Bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.

    "Ceyhun Bayramov İstanbulda “3+3” regional platformasının nazirlər toplantısında iştirak edir", - deyə qeyd edilib.

    ***

    13:04

    İstanbulda Cənubi Qafqaz üzrə Regional Əməkdaşlıq Platformasının (3+3) üçüncü iclası keçirilir.

    İclasda Türkiyə, Azərbaycan, Rusiya, Ermənistan və İranın XİN rəhbərləri Hakan Fidan, Ceyhun Bayramov, Sergey Lavrov, Ararat Mirzoyan və Abbas Arakçi iştirak edirlər.

    Tədbirdən əvvəl mediaya açıqlama verən Hakan Fidan bildirib ki, İkinci Qarabağ müharibəsindən qısa müddət sonra, üçtərəfli Bəyanatın imzalandığı həftələrdə irəli sürülən Cənubi Qafqaz üzrə Regional Əməkdaşlıq Platforması bölgəni yaxından maraqlandıran problemlərin həllinə xidmət edir. “Bölgənin problemlərini ən yaxşı o regionun dövlətlərinin bildiyinə və həll edə biləcəyinə inanırıq. Belə ki, bu baxışımızın təzahürü olaraq toplantımızın nəticələrinə dair birgə bəyanat qəbul etməyi düşünürük”, - deyən nazir qeyd edib ki, platformanın adının 3+3 olmasına baxmayaraq, təəssüf ki, bugünkü görüşdə tərəflərdən biri iştirak etmir. Yaxın qonşumuzun istədiyi zaman bu platformaya qoşula bilər.

    İclasda bölgədə müharibə və qarşıdurmaların əvəzinə, sabitliyin təmin edilməsi və rifahın yüksəldilməsi məqsədilə atıla biləcək addımlar, regional əlaqələrin gücləndirilməsi istiqamətində konkret əməkdaşlıq layihələri müzakirə olunacaq, aktual regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.

    Mediaya qapalı keçən görüşün sonunda mətbuata açıqlama veriləcək.

    Toplantı çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğan iclas iştirakçılarını qəbul edəcək. Hakan Fidanın isə həmkarları ilə ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.

    ***

    12:51

    Türkiyədə “3+3” platforması formatında xarici işlər nazirlərinin görüşü başlayıb.

    Bu gün İstanbulda Cənubi Qafqaz Regional Əməkdaşlıq Platformasının “3+3” üçüncü iclası keçirilir.

    Türkiyənin xarici işlər naziri Hakan Fidan qonaqları salamlayıb:

    "Türkiyə Gürcüstanı regional problemlərin birgə həlli yollarını tapmaq üçün “3+3” platformasının işinə qoşulmağa çağırır".

    Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan XİN başçılarının "3+3" formatında keçirilən görüşünün açılışında çıxışı zamanı bildirib. 

    İclasda Türkiyə, Azərbaycan, Rusiya, Ermənistan və İranın XİN rəhbərləri Hakan Fidan, Ceyhun Bayramov, Sergey Lavrov, Ararat Mirzoyan və Abbas Arakçi iştirak edirlər.